Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu paylaşdığı bir statusla ölkədə daha bir qalmaqala səbəb olub.
Yenicag.az xəbər verir ki, Polad Bülbüloğlu sosial şəbəkədə Azərbaycanda ermənilərə düşmən kimi yanaşan yeni nəslin yetişməsindən narahatlığını ifadə edib.
“Yeni Müsavat” qəzetinin məlumatına görə, səfir öz narahatlığını qısa şəkildə belə bildirib: “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir”.
Gözlənildiyi kimi, səfirin bu mövqeyi Azərbaycanda etirazla qarşılanıb, bir sıra siyasətçilər və ictimai xadimlər sözügedən nəşrə açıqlamalarında Bülbüloğlunun ünvanına sərt fikirlər səsləndiriblər.
Bir qədər sonra bu mövzunu davam etdirən haqqın.az-ın baş redaktoru Eynulla Fətullayev yayımladığı geniş məqaləsində Bülbüloğlunu dəstəkləyərək, onun məlum fikirlərini tənqid edənləri hədəfə alıb.
Bu çərçivədə Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna xüsusi “diqqət” ayıran baş redaktor onu “siyasi çuşka” və digər epitetlərlə “şərəfləndirib”.
Sərdar Cəlaloğlu isə öz növbəsində Yenicag.Az-a açıqlamasında “ağıldankəm” adlandırdığı Fətullayevə baş qoşmaq istəmədiyini deyib:
“Eynullanın kim olduğunu Azərbaycanda hamı bilir, nə danışır, özü bilər. Mən o açıqlamamda Polad Bülbüloğlunun fikrinə aydınlıq gətirmişəm ki, Azərbaycanda heç kim ermənilərə düşmən deyil, onların xalqımıza qarşı apardığı siyasətə, “Böyük Ermənistan” ideologiyasına düşməndir.
Əgər həmin adamlar ermənilərin o ideologiyasına, o siyasətinə düşmən deyillərsə, onda keçsinlər ermənilərin tərəfinə, Azərbaycanı onlara satsınlar.
Xiyabani deyirdi ki, dövrün qabaqcıl insanlarının düşməni adamlar yox, dövrün idealarıdır. Azərbaycan xalqı ermənilərin işğalçılıq siyasətinə düşməndirsə, bu, tamamilə normaldır. Əksini düşünməliyik? Deməliyik ki, ermənilər düz edirlər?
Yenə deyirəm, o adamın dediyi-yazdığı məni maraqlandırmır. Həzrət Əlinin bir sözü var ki, “Dəliyə işləmə, dəlini də işlətmə”. Eynulla kimi ağıldankəm, siyasətdə yetkin olmayan bir adamı gətirib alətə çevirəndə, belə olacaq da…
Mən deyirəm ki, biz “Böyük Ermənistan” ideyasına düşmən olmalıyıq, bütövlükdə ermənilərə yox. O, bu fikirdə nəyə etiraz edir? Mən ermənilərin bu regionda yaratdığı problemlərdən danışıram.
Ötən əsrdə Məmməd Əmin Rəsulzadə də deyirdi ki, ermənilər nə özləri müstəqil oldular, nə də bizə imkan verdilər. İndi də yenə öz ərazi iddiaları ilə eyni vəziyyəti təkrarlayırlar.
Ermənilərin Azərbaycan və Türkiyəyə qarşı apardıqları siyasət isə əslində, başqa qüvvələrin maraqlarına xidmət edir. Bu fəaliyyət bölgədəki xalqlara, ilk növbədə də erməni xalqının özünə qarşı düşmənçilikdir.
Burada nə var ki? O adam heç erməni ilə erməniçiliyin fərqini başa düşmür. Belə bir adama baş qoşmağa dəyməz. Bundan sonra lap məni söysə də, ona reaksiya verməyi düşünmürəm”.
A.Zeynalov
www.yenicag.az