“Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum”.
Yenicag.az xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə evinə gələn elektrik xətlərini kəsən şəxsi yaxalayaraq, polisə təslim edib.
Partiya sədri üzləşdiyi olayla bağlı özünün “Facebook” hesabında ətraflı məlumat yerləşdirib:
“Təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsilmiş, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılmışdır. Bununla bağlı hüquq- mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərək olayın araşdırılmasını xahiş etmişdim.
Ərizəmə video görüntüləri də əlavə etmişdim, hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.
Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım.
Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla professional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də sadəcə, susdu.
Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm.
Çünki şəxsi hüquq – mühafizə orqanlarına təhvil vermişəm. ( Xətai rayon 37- ci polis bölməsinə) Heç kim, o cümlədən, istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq. Hüquq-mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılması üçün gərəkən tapşırıqı verməsini xahiş edirəm”.
www.yenicag.az