Aydın Mirzəzadə: “YAP qəbul etdiyi proqram və nizamnaməsinə həmişə əməl edir”
Gülağa Aslanlı: “Hakimiyyət maneələri nəzərə alınmaqla, Müsavat fəaliyyətini nizamnamə əsasında qurur”
Arzuxan Əlizadə: “Maliyyə çatışmamazlığından Siyasi Şura iclasını keçirmək mümkün olmur”
Müzəffər Baxışov: “Partiyaların heç birində maliyyə hesabatının şəffaflığı təmin olunmur”
Azərbaycanda 50-dən artıq siyasi partiya qeydiyyatdan keçərək, fəaliyyət göstərir. Hər bir siyasi partiya öz nizamnamə və proqramına əsasən fəaliyyət göstərməlidir. Amma, görəsən, partiyalar nizamnamələrinə nə dərəcədə əməl edirlər? Nizamnaməyə uyğun olaraq, öz qurultay və digər strukturların iclaslarını vaxtlı-vaxtında, kvorum əsasında keçirirlərmi? Bu prosesə hansı orqan nəzarət edir?
YENİCAG.AZ-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə təmsil olunduğu siyasi təşkilatın nizamnaməyə əməl etməsi məsələsində hər hansı bir problem olmadığını söylədi: “Yeni Azərbaycan Partiyası həmişə qanunçuluğun tərəfdarı olub. O baxımdan, qəbul etdiyi proqram və nizamnaməsinə həmişə əməl edir. Partiya strukturlarının bütün iclasları vaxtlı-vaxtında keçirilir. Partiya strukturları öz vəzifələrini yerinə yetirir və üzvlərin hüquqları daima qorunur. Bu baxımdan YAP siyasi təşkilat, həm iqtidar partiyası kimi həmin məsələdə kifayət qədər diqqətli olmağa çalışır. Təşkilatda hər orqan sadəcə olaraq özünə aid səlahiyyəti yerinə yetirir. Partiyanın ali orqanlarının iclasında da eyni zamanda nizamnamayə əməl edilməsi məsələsi diqqətdə saxlanılır”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə YENICAG.AZ-a açıqlamasında bildirdi ki, bir məqamı çıxmaq şərtilə təşkilat nizamnamədən irəli gələn prinsiplərə riayət edir: “Müsavat Partiyası bütün fəaliyyətini özünün nizamnaməsi əsasında qurur. Amma hakimiyyətin maneələri nəzərə alınmaqla. Partiyamız qurultayını, rayon təşkilatları da iclaslarını vaxtında keçirməkdə israrlı olur. Ancaq bəzi hallarda hakimiyyət bu prosesə maneəçilik törədir və nizamnaməyə əməl edilib-edilməməsi məsələsində bunları nəzərə almaq lazımdır. Nizamnaməyə əməl edilməsinə rayon təşkilatlarında nəzarət təftiş komissiyası, Mərkəzdə isə Mərkəzi Nəzarət Təftiş Komissiyası nəzarət edir.”
Mövzu ilə bağlı YENİCAG.AZ-a danışan AMİP-in baş katibi Arzuxan Əlizadə vurğuladı ki, maliyyə problemi, yer məsələsində yaşanan hallar bəzi hallarda rəhbər orqanların iclaslarını keçirməyə imkan vermir və belədə heç də həmişə nizamnamə tələblərinə əməl edə bilmirlər: “AMİP həmişə nizamnaməyə əməl etməsilə fərqlənib. Konkret məsələlərlə bağlı nizamnaməyə ciddi riayət olunur. Amma bəzi tədbirlərin keçirilməsilə bağlı olaraq, son zamanlar obyektiv olaraq, ciddi maneələr yaranıb. Mərkəzi Şuranın iclasını keçirmək üçün 150-200 nəfərlik yer lazımdır. Bu zalı dövlət strukturlarında kirayələmək çətindir. Özəl strukturlar da yer ayırmaqdan çəkinirlər. Bir sıra hallarda isə maliyyə çatışmamazlığından Siyasi Şura iclaslarını keçirmək mümkün olmur. O baxımdan zaman-zaman partiyanın böyük tədbirlərinin, o cümlədən qurultayın keçirilməsilə bağlı ciddi problemlər yaşayırıq. Bu mənada nizamnamənin müvafiq bəndlərinin pozulması hallarına rast gəlinir. Partiyanın Nizam Komissiyası ayda bir dəfə monitorinqlər keçirərək, yerlərdə tədbirlərin keçirilməsinə diqqət yetirir”.
Hüquqşünas Müzəffər Baxışov isə düşünür ki, bütün partiyaların nizamnaməyə əməl etməsi məsələsində ciddi problemlər var: “Ümumi götürsək, deyərdim ki, heç bir siyasi partiya nizamnaməyə əməl etmir. Bir sıra partiyalar bir-birini şantaj etməklə məşğuldur. Partiyaların heç birində maliyyə hesabatının şəffaflığı təmin olunmur. Üzvlərin üzvlük haqqı barədə hesabat vermirlər”.
Rüfət\YENİCAG.AZ
www.yenicag.az