“PAŞA Holding” və TÜİB strateji əməkdaşlıq üçün yeni layihələri müzakirə etdi - FOTO
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin üzvləri “PAŞA Holding”i ziyarət ediblər.
Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq, birgə layihələr, gələcək təşəbbüslər, həmçinin bu il keçiriləcək II Azərbaycan-Türkiyə İnvestisiya Forumunun əhəmiyyəti müzakirə olunub. Forumun ilk dəfə keçirilməsinin yaratdığı uğurlu nəticələr yüksək qiymətləndirilib.
Qonaqları salamlayan “PAŞA Holding”in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev strateji tərəfdaşlıq çərçivəsində dövlət və özəl sektorun birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “özəl-dövlət dialoqu” iqtisadi inkişafın və dayanıqlı əməkdaşlığın əsas dayaqlarından biridir. Cənab Paşayev həmçinin insan resurslarının gücləndirilməsi, eləcə də texnologiya və təhsil layihələrinin iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri olduğunu qeyd edib.
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat qurumun indiyədək həyata keçirdiyi layihələr barədə məlumat verərək Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının strateji əhəmiyyətini vurğulayıb.
TÜİB nümayəndəsi Savaş Uzan təşkilatın fəaliyyət yoluna toxunaraq xüsusilə aqrar sahədə ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib. O, peşə məktəblərinin bu istiqamətdə rolunun artırılmasının əhəmiyyətini vurğulayıb.
Natavan Məmmədova TÜİB-in “Körpü” layihəsini təqdim edərək sahibkarların inteqrasiyasına dəstək imkanlarını diqqətə çatdırıb, Günay Ağayeva logistika sahəsində mövcud problemlərin həlli yolları ilə bağlı təkliflərini bölüşüb. Necmeddin Taşbağ isə təşkilatın fəaliyyət sahəsinin genişləndirilməsi və özəl sektorun daha fəal iştirakının vacibliyini vurğulayıb.
Toplantının sonunda tərəflər Azərbaycan və Türkiyə arasında həyata keçirilən və nəzərdə tutulan bütün strateji təşəbbüslərə dəstək verməyə hazır olduqlarını bildirib.