“Onun imkanı olsa, Azərbaycanın nəinki enerji potensialını, hətta belə bir ölkənin varlığını bütün dünya miqyasında inkar etməyə çalışar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində Azərbaycanın İtaliyanın əsas enerji təchizatlarından biri olması faktını şübhə altına almaq cəhdini şərh edən politoloq Aydın Quliyev deyib.
Aydın Quliyevin sözlərinə görə, Ermənistanın əsas regional layihələrdən kənarda qalması Paşinyanı Azərbaycanın Avropa üçün əhəmiyyətini “kiçiltməyə” sövq edir:
“Azərbaycanın regiondakı gücünü və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətin necə qiymətləndirilməsindən asılı olmayaraq, buradakı məsələnin mahiyyəti birdir: Azərbaycan, həqiqətən, həm regionun, həm də Avropanın enerji nəqliyyatı təhlükəsizliyində həlledici rola və mövqeyə malikdir.
O ki qaldı Paşinyanın bu əhəmiyyəti kiçiltmək cəhdlərinə, onun imkanı olsa, Azərbycanın nəinki enerji potensialını, hətta belə bir ölkənin varlığını bütün dünya miqyasında inkar etməyə çalışar. Amma sözsüz ki, bunlar Paşinyanın imkanında deyil.
Onun Azərbaycanın imkanlarına belə yanaşmasının səbəbi sadədir. Çünki Azərbaycanın böyük nəqliyyat-enerji-tranzit layihələrində Ermənistan yer almır. Ermənistanın bu gün şərq-qərb, şimal-cənub nəqliyyat-enerji layihələrinin mərkəzində yerləşməsinə baxmayaraq, bu layihələrin heç biri Ermənistandan keçmir.
Əlbəttə, bu, Azərbaycan diplomatiysının böyük uğurudur. Paşinyan da bütün bunlardan kənarda qalmağın ağır nəticələrini yaxşı görür və bu nəticələri dünya səviyyəsində görünməz etmək üçün Azərbaycanın nəqliyyat-enerji sahəsindəki böyük imkanlarını kiçiltməyə çalışır”.
Aqil Bəkir
www.yenicag.az