Paşinyan hökumətində QALMAQAL – Baş nazir bu dəfə Simonyanı “VURUR”

media-hightechnic-468x90

Ermənistan Milli Məclisinin hakim “Vətəndaş Müqaviləsi” (VM) fraksiyasında qarşıdurmalar yeni müstəviyə keçir. Deputat Hayk Sarkisyanın parlament sədri Alen Simonyanla qarşıdurmasından sonra növbəti hədəfin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin rəhbəri Andranik Koçaryan olduğu bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Nəşr yazır ki, Sarkisyanla Koçaryan arasındakı münasibətlərin uzun müddətdir gərgin olduğu, komitə iclaslarında onların dəfələrlə açıq mübahisələr yaşadığı vurğulanır. Sonuncu səbəb isə Koçaryanın Sarkisyanın “ordudan azadolma” layihəsinə müsbət rəy verməkdən imtina etməsi olub.

Maraqlıdır ki, Hayk Sarkisyan Baş nazir Nikol Paşinyana ən yaxın fiqurlardan biri hesab olunur. O, Paşinyanın iştirak etdiyi tədbirlərdə, o cümlədən velosiped yürüşlərində daim görünür. Lakin Simonyanı biznes maraqlarını qorumaqda ittiham edən Sarkisyan yaxşı bilir ki, eyni arqument Paşinyanın qohumu, deputat Hraçya Hakobyan və digər VM üzvlərinə də yönələ bilər.

Qəzet əlavə edib ki, partiya daxilində yayılan məlumatlara görə, Simonyan öz mövqeyini həmkarlarının dəstəyi ilə gücləndirib. VM-in son açıqlaması da bunu təsdiqləyir. Partiya Sarkisyana qarşı “ciddi irad” tədbirindən danışsa da, mətbuatda bu iradın hələ aprel ayında verildiyi açıqlanıb. Bu isə fraksiyada daxili rəqabət aləti kimi informasiya manipulyasiyalarının istifadə olunduğunu göstərir.

Siyasi dairələrdə ehtimal olunur ki, Sarkisyan yaxın vaxtlarda Andranik Koçaryana qarşı açıq hücuma keçəcək. Koçaryanın adı “Avangard Motors” şirkəti ilə bağlı aydınlaşdırılmamış məsələlərdə hallanır və partiya daxilində dəfələrlə intriqa qurmaqda ittiham olunur.

Buna baxmayaraq, mənbələr bildirir ki, partiya rəhbərliyi hələlik qarşıdurmada iştirak edən heç bir deputatı kənarlaşdırmaq niyyətində deyil. Hətta 20 sentyabrda keçiriləcək idarə heyəti seçkilərində həm Sarkisyan, həm də Simonyanın iştirak edəcəyi gözlənilir. Eyni zamanda, VM daxilində artıq Alen Simonyanın parlamentin növbəti sədri olmayacağı istiqamətində müzakirələrin başladığı qeyd olunur. Bu kontekstdə ABŞ-dən qayıdan və Baş nazirin müşaviri təyin olunan Lilit Makuntsun adı yeni namizəd kimi daha çox səslənir.

Müşahidəçilər hesab edirlər ki, Paşinyan özü də Simonyanın zəiflədilməsində maraqlı ola bilər. Bu isə göstərir ki, hakim partiyada keçmiş düşmənlər ittifaqa çevrilə, indiki müttəfiqlər isə sabah ən təhlükəli rəqiblərə dönə bilərlər.

“Vətəndaş Müqaviləsi” fraksiyasında siyasi barışın yaxın perspektivdə bərqərar olacağı real görünmür. 2026-cı il seçkilərinə hazırlıq ərəfəsində mandat uğrunda mübarizə komandadaxili parçalanmanı daha da dərinləşdirəcək.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa