Paşinyan özünü parlamentdə “razborşik” kimi APARIR – Hakimiyyət daxilində ÇATLAR BÖYÜYÜR
Hakimiyyətə gələn “Vətəndaş Müqaviləsi” Partiyası (VMP) nümayəndələrinin isterikaya qapılması artıq heç kim üçün nə sirr, nə də yenilik deyil. Bunu görməmək mümkün deyil. Bu hal hər gün müxtəlif formalarda özünü göstərir və hər kəsin gözləri önündə baş verir.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.
Nəşr yazır ki, artıq erməni mediası Ermənistan parlamentində “Vətəndaş Müqaviləsi” Partiyasının rəhbəri Nikol Paşinyanın davranışlarını səthi şəkildə qeyd etmişdi:
“Baxın, Baş nazir postunu tutan, əslində isə dövlət rəhbəri mövqeyində olan bir şəxs parlamentdə özünü küçə “razborşik”i kimi aparır, müxaliflərə qarşı təhqiredici sözlər işlədir. Bu, o deməkdir ki, o, öz siyasi statusunu, tutduğu vəzifənin əhəmiyyətini, şəxsi və siyasi məsuliyyətini tamamilə dərk etmir. Dövlət rəhbəri səviyyəsində olan birinin müxalifətə və ya ümumiyyətlə, istənilən vətəndaşa qarşı “boğazını kəsmək” kimi jestlər etməsi, “zirzəmilərə atmaqla” hədələməsi, “quldur” deməsi və bu kimi ifadələr işlətməsi anormal bir hadisədir.
Bütün bu davranışlar nəyi göstərir, bu qəbuledilməz çıxışlar nəyin təzahürüdür? İlk növbədə bu, Paşinyan və onun komandasının gərginliyinin zirvəyə çatdığını göstərir. Onlar anlayırlar ki, artıq son nöqtəyə yaxınlaşıblar. Xarici dəstəklərini və bu dəstəyə çıxış imkanlarını itiriblər və bu proses davam edir. Lakin Paşinyan hakimiyyətində belə isterikaya səbəb olan əsas faktor odur ki, onlar daxildə etimadı tamamilə itiriblər və artıq xalq tərəfindən tam rədd ediliblər. Təsadüfi deyil ki, Nikol Paşinyanın etimad reytinqi cəmi 10-11 faiz səviyyəsinə düşüb. Üstəlik, artıq ucuz təbliğat metodları da işləmir, ən azı 2018 və ya hətta 2021-ci illərdə olduğu kimi təsirli deyil”.
KİV əlavə edib ki, bunun ən bariz nümunəsi isə Gümrüdə baş verdi:
“Orada da Paşinyan özünəməxsus çıxış etdi – təhqiramiz sözlərlə, “keçmişlər”lə bağlı qorxulu ifadələrlə. Amma bu çıxış heç bir nəticə vermədi. Hətta inzibati resursların istifadəsi də kömək etmədi. Aydındır ki, növbəti seçkilərdə VMP-yə heç nə yardım etməyəcək – yalnız total seçki saxtakarlıqları istisnadır. Nəticədə bu isterik davranış “dalğası” artıq VMP rəhbərlərinin hamısına, hətta Baş nazirin həyat yoldaşına da sirayət edib. O da son günlər istənilən məsələyə emosional reaksiya verir, etiketlər yapışdırır, birbaşa şəxsi təhqirlər edir. Baxın, Anna Akopyan müxtəlif hallarda belə ifadələr işlədir: “axmaq”, “savadsız”, “əxlaqsız”, “bit”, “tərbiyəsiz”, “qızıq”, “eşşək”…
İndi təsəvvür etməyə çalışın: bizim keçmiş prezidentlərdən birinin, yaxud ümumiyyətlə, dünyanın sivil ölkələrindən birinin liderinin həyat yoldaşı belə bir leksikondan ictimaiyyət qarşısında istifadə etsəydi, nə olardı? Amma bu da bizim fərqliliyimizdir. Ümumilikdə, bu hal məyusedicidir, çünki belə davranışlar ictimai şüurda izsiz qalmır. Əslində isə ortada olan budur – səviyyə budur. Amma bu heç də normal və qəbul edilən bir səviyyə deyil”.
“Bununla belə, ortaya olduqca ironik bir mənzərə çıxır. Keçmiş hakimiyyətlərdə də bir neçə “odious” fiqur var idi – təxribatçı və qalmaqallı ifadələri ilə tanınan şəxslər. Lakin o vaxt bu cür şəxslərin sayı barmaqla sayılacaq qədər idi və hamısı ayrı-ayrılıqda tanınırdı. İndi isə bir bütöv hakimiyyət var ki, başdan ayağa qədər “odioz” fiqurlardan ibarətdir. Paşinyan elə bir hakimiyyətə başçılıq edir ki, sanki hamısı özünü ləqəbli “avtoritet” hesab edir – həm ümumi mənada, həm də fərdi şəkildə. Elə bilirlər ki, parlament tribunasından söyüş söyə, 7-8-10-20 nəfərlik qruplarla vətəndaşa hücum edə, hədələyə, küçə davranışı sərgiləyə bilərlər… Halbuki onların əksəriyyəti bu davranışları “hakimiyyətdən kənarda” edə bilməz, çünki onların “cəsarət mənbəyi” yalnız və yalnız hakimiyyət və konkret olaraq hüquq-mühafizə orqanlarının dəstəyidir.
Burada başqa bir məsələ də var: bəs onlar özləri xalqın onlar barəsində nə düşündüyünü bilmirlərmi? Onlar xalqın nə dediyini bilmir, sadəcə olaraq bunu açıq şəkildə yazmadığını anlamırlarmı? Əlbəttə ki, bilirlər. Necə bilməsinlər? Və bax, çox güman ki, məhz bu bilik, bu rədd edilmə hissi onlarda belə isterik reaksiyalar yaradır. Yəni bütün səbəblər elə yuxarıda qeyd etdiyimiz məqamlardır. Və qarşıdakı dövrdə bu səbəblər daha da çox olacaq. Deməli, isterik “reaksiyaların” da ardı kəsilməyəcək”, – deyə məqalədə qeyd olunub.
Rafi Müslümov