Ermənistanın yeni baş naziri Nikol Paşinyan həm başlatdığı etiraz hərəkatının gedişində, həm hakimiyyətə yiyələnəndən sonra və nəhayət mayın 14-də Soçidə Vladimir Putinlə görüşündə Rusiya ilə ayrılmaq müttəfiqlik, dostluq münasibətlərindən danışsa da belə görünür ki, Moskvada ona etibar etmirlər.
Yenicag.az xəbər verir ki, “Ekspress qazeta” onlayn nəşri Paşinyanın nə qədər Rusiyaya sədaqət haqda danışmasına baxmayaraq onun qərbyönümlü olduğunu yazır.
“Baxmayaraq ki, biz qardaş erməni xalqına dostluq əlini birinci uzatdıq. Vladimir Putin yeni baş naziri qələbə münasibətilə təbrik etdi. Soçidəki görüşdə isə Paşinyan praktiki olaraq Rusiya prezidentinin gözlərinə baxmamağa çalışırdı, onun bəyanatlarında əsl müttəfiq səmimiliyi hiss olunmurdu. Bəlkə ona görə ki, indi onun hökumətində bütün nazirlər amerikalıların adamlarıdır.
Məsələn, göstərilir ki, baş nazirin müavini Ararat Mirzəyan ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) maliyyələşdirdiyi beynəlxalq seçki sistemləri Fondunun (İFEX) koordinatoru olub. Müdafiə naziri David Tonoyan Ermənistanın NATO-dakı daimi nümayəndəsi işləyib. Xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın BMT-dəki daimi nümayəndəsi idi. Kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistandakı Amerika Universitetinin məzunudur. Ədliyyə naziri Artak Zeynalyan Dövlət Departamentinin proqramlarında fəal iştirak edib və Amerika seçkilərində müşahidəçi olub. Mədəniyyət naziri Lilit Makunts ABŞ-da təhsil alıb. İqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan Massaçustes Texnologiya Universitetinin professorudur. “Ona görə Ermənistanın yeni rəhbərliyinə inanmaq olmaz” – nəşr bu qənaətə gəlir.
Qeyd edək ki, Paşinyanın kabinetində qarabağlı da yer almır. Onun nazirlərinin hamısı Ermənistanda anadan olanlardır.
Virtualaz.org
www.yenicag.az