“Ermənistan bu itkilər barədə informasiyanı istəsə belə, gizlədə bilməyəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında cəbhədə baş verən son gərginliklər fonunda Ermənistan ordusunun öz itkilərini gizlətməyə çalışmasını dəyərləndirən AĞ Partiya başqanı Tural Abbaslı deyib.
Tural Abbaslı qeyd edib ki, Ermənistanın son döyüşlərdə üzləşdiyi itkilər Azərbaycanla müqayisədə azı 3-4 dəfə daha çoxdur:
“Əslində, müharibə şəraitinin bəzi qaydaları var ki, qarşıduran tərəflər onlara əməl etməlidir. Nəzərə almaq lazımdır ki, müharibələr sadəcə, canlı qüvvə və hərbi texnikanın iştirakı ilə aparılmır, burada informasiya müharibəsi də mühüm yer tutur.
Bu baxımdan, Ermənistanın son döyüşlərdə məruz qaldığə itkiləri və cəbhədəki real vəziyyət barədə öz əhalisinə dəqiq məlumat verməməsinin səbəbi aydındır. Çünki iqtidarda olan qüvvə onun hakimiyyəti dövründə alınan məğlubiyyət və itkilərin ictimailəşməsində, əhalinin bundan xəbər tutmasında maraqlı olmur.
Lakin bütün hallarda bu itkiləri sona qədər gizlətmək mümkün deyil. Bu gün bizdə olan məlumata görə, Ermənistanın son döyüşlərdə üzləşdiyi itkilər Azərbaycanla müqayisədə azı 3-4 dəfə daha çoxdur. Müasir texnologiyaların mövcudluğu fonunda Ermənistan bu itkilər barədə informasiyanı istəsə belə, gizlədə bilməyəcək. O zaman bu yalanlara görə də cavab vermək lazım gələcək”.
Gülşən Şərif
www.yenicag.az