Paşinyanın konstitusiya TƏLƏBİ: “Azərbaycanın yaratdığı yeni reallıqların...”
“Paşinyan Ermənistan tarixinə sülh müqaviləsi bağlamaqla düşmək istəyir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan konstitusiyasının Ermənistan xalqının iradəsini əks etdirməməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasının xalqın iradəsinə əsaslanmaması ilə bağlı Paşinyanın səsləndirdiyi fikirlərdə həqiqət payı çoxdur:
“Çünki, doğurdan da bu konstitusiya Ermənistan dövlətini regional inteqrasiyadan təcrid edibsə, eləcə də bu konstitusiyada olan hüquqi iddialar qonşu ölkələrlə Ermənistanı düşmən edibsə və Ermənistanın işğalçılıq siyasətini həm hüquqi, həm siyasi, həm də hərbi müstəvidə iflasa uğradıbsa, deməli, bu konstitusiya yararlı deyil”.
H. Babaoğlu qeyd edib ki, Paşinyan bu fikirləri səsləndirməkdə səmimi deyil, əksinə, bu, Azərbaycanın yaratdığı yeni reallıqların təzyiqi altında formalaşan obyektiv düşüncədir:
“Mən düşünürəm ki, bu sadəcə Paşinyanın fikri deyil. Bu daha çox Azərbaycanın yaratdığı yeni reallıqların təzyiqi altında Paşinyanda formalaşan obyektiv düşüncədir. Məhz bu fikirləri indi səsləndirməsinin 2 mühüm səbəbi var: bunlardan birincisi odur ki, 2026-cı ildə parlament seçkilərinə gedən yolda referendum keçirilməsi və konstitusiyanın dəyişməsi Paşinyana öz siyasətini ən doğru siyasət olduğunu əsaslandırmaq üçün yaxşı arqumentlər verə bilər. Digər səbəbi isə odur ki, Azərbaycanın tələbidir. Hansı ki, tələb ondan ibarətdir ki, əgər Ermənistan konstitusiyası dəyişməyəcəksə, Azərbaycanla sülh bağlamaq mümkün olmayacaq”.
“Nəticə etibarilə, düşünürəm ki, bu Paşinyanın səmimiyyəti və ya həqiqəti söyləmək cəhdi deyil, bu, sadəcə mövcud reallıq qarşısında Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün ictimai rəyi formalaşdırmaq və bağlanacaq mümkün sülhü Ermənistan cəmiyyətinə özünün siyasi uğuru kimi təqdim etmək cəhdləridir. Bütün hallarda, əgər həqiqətən də Paşinyan bu fikirləri realizə edəcək və konstitusiyanı dəyişəcəksə, preambula hissəsinə konstitusiyaya istinad etməyəcəksə, bu sülh üçün yeni perspektivlər aça bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.