Patruşevin səfərinin görünməyən tərəfləri…
Taleh Əliyev: “Onun bu səfəri Moskvanın Azərbaycanı Aİ ilə sıx əməkdaşlıqdan uzaqlaşdırmağa hesablanmış addımıdır”
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda səfərdədir. Səfər çərçivəsində o prezident İlham Əliyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb.
Qeyd edək ki, son dövrlər rusiyalı nazirlərin Bakıya səıfərləri yenidən intensivləşməyə başlayıb. Bildiyimiz kimi, Azərbaycan bloklara qoşulmamaq siyasəti yeridir. Amma Avropa İttifaqı və Rusiya hər biri ayrı-ayrılıqda çalışır ki, karbohidrogen ehtiyatları ilə zəngin Azərbaycan məhz onların olduğu qurumlarda təmsil olunsun. Moskva Bakını Avrasiya İqtisadi İttifaqında, Qərb isə Aİ ilə assosiativ üzvlükdə görmək istəyir. Bu mənada Rusiyadan gələn hər bir dövlət rəsmisinin, o cümlədən hələlik son olaraq Patruşevin səfərində istər-istəməz görünməyən məqamların da ola biləcəyi istisna deyil.
Yenicag.az-a açıqlamasında politoloq Taleh Əliyev Patruşevin səfərində pərdəarxası məqamların olduğunu istisna etmədi: “Bildiyiniz kimi həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı məsələsində aktiv danışıqlar yeni mərhələyə qədəm qoyur. Bu mənada görünür Rusiyanın Azərbaycanın avrointeqrasiya yönündə hərəkətsiz olması üçün artıq diplomatik dildə ifadə olunmayacaq məsələlərin Təhlükəsizlik Şurası katibliyi səviyyəsində çatdırmalı olduğu mesajları var. Səfər çərçivəsində bu ayın 22-də Avropa Birliyinin Riqada olacaq görüşündə Azərbaycanın “Şərq tərəfdaşlığı” çərçivəsində daha dərin əməkdaşlığa getməməsi istiqamətində mesajların verildiyi istisna deyil. Azərbaycan eyni zamanda Avropa Birliyi ilə iki tərəfli əməkdaşlığa üstünlük verir. Bu xüsusda Patruşevin səfəri çərçivəsində Avropa Birliyi ilə daha irəli gedən əməkdaşlığın olmaması yəqin ki, Azərbaycan tərəfinin nəzərinə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə daha yaxın əməkdaşlıq etməsilə bağlı diplomatik dil ilə ifadə edilməyən mesajların çatdırıldığı da istisna deyil”.
Elçin