“Dəriyə qulluq vasitələri “zərf”ində mütləq nəmləndirici preparatlar və müxtəlif zərdablar da olmalıdır”.
Bu fikirləri həssas dəriyə düzgün qulluq üsulları barədə məlumat verən dermatoloq Günay Mikayılova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, həssas dərili insanlar payız mövsümündə kosmetik vasitələr seçərkən daha diqqətli olmalıdırlar:
“Qırmızılığa, damarlanmaya meyilli, həmçinin quru dərilərə həssas dərilər deyilir və onların diaqnozu həkimlər tərəfindən qoyulur. Payız aylarında soyuq havanın, küləyin təsiri ilə belə dərilərdə quruluq və qızartı artır.
Həssas dərili insanlar kosmetik və qulluq vasitələrinin seçimində bu amilləri hər zaman nəzərə almalıdırlar. Dəriyə qulluq vasitələri “zərf”ində mütləq nəmləndirici preparatlar və müxtəlif zərdablar da olmalıdır.
Bu fəsildə həssas dərilər üçün xüsusi hazırlanmış pilinqlərdən istifadə edilməlidir. Eyni zamanda, indi payız fəsli olsa belə, hər 3 saatdan bir günəşdən qoruyucu kremlərdən istifadə zəruridir.
Qeyd edim ki, istənilən tip dəri düzgün təmizlənməlidir. Bu zaman kosmetik süddən istifadə dərinin sağlamlığı üçün effektlidir. Eləcə də, həssas dərilər üçün yuyucu gellərdən və tonikdən də istifadə edilməlidir”.
Nuray Məmmədzadə
www.yenicag.az