Pentaqondan Vatikana təhdid: "Papa yanımızda olsun, yoxsa..."
ABŞ və Vatikan arasında “İran savaşı”na görə iplər qopmaq üzrədir. Pentaqon müstəşarının Vatikan səfirinə “İstədiyimizi etməyə hərbi gücümüz çatar” deyərək açıq şəkildə gözdağı verməsi dünyanı ayağa qaldırıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonun İranla müharibə planlarına etiraz edən Papa XIV Leonu diz çöktürmək üçün Vatikanın hərbi güclə təhdid edildiyi iddia olunur. Pentaqon iddiaları rədd etsə də, sızan məlumatlar pərdəarxası ciddi qarşıdurmadan xəbər verir.
İddiaya görə, Pentaqon müstəşarı Elbric Kolbi Vatikan səfirini çağıraraq açıq şəkildə təhdid edib: “ABŞ istədiyi hər şeyi etməyə qadir hərbi gücə malikdir”. Hətta tarixi “Avinyon Papalığı” dövrünün (Papaların hərbi güclə tabe etdirilməsi) xatırladılması Vatikana birbaşa mesaj kimi qiymətləndirilib.
Papa XIV Leo isə geri çəkilməyərək, ABŞ-nin İran strategiyasını “qanunsuz və əxlaqsız” adlandırıb. O, dünya liderlərini güc diplomatiyasından imtina etməyə çağırıb. Bu gərginlikdən sonra Papanın ABŞ səfəri təxirə salınıb.
Vatikan rəsmisi Antonio Spadaro məsələyə sərt reaksiya verib: “İqtidar nəzarət edə bilmədiyi əxlaqi səsi boğmağa çalışır. Papanın azadlığı onlar üçün ən böyük təhdiddir. Hər bir hücum, əslində, siyasi hakimiyyətin mənəvi gücsüzlüyüdür”.
Məsimə Məmmədova













