“Bu hərəkətlər İran-Azərbaycan münasibətlərinə xələl gətirir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
İran prezidenti Məsud Pezeşkianın Təbriz səfəri zamanı azərbaycanca şeir oxuyarkən xəbərdarlıq edilməsini şərh edən millət vəkili qeyd edib ki, İran tərəfi hər kəsi öz qayda-qanunlarına riayət etməyə çalışır:
“Hər bir ölkənin öz qayda-qanunları var və hər bir ölkə öz qayda-qanunlarına əməl etməyə çalışır. Təəssüflə onu qeyd etməliyik ki, İranda yaşayan ayrı-ayrı şəxslər arasında Azərbaycan dövlətinə qarşı bir qıcıq, bir nifrət var, hiddət var. Bu özünü bir sıra hallarda açıq aydın göstərir”.
Deputat İrana Azərbaycandan çəkinməmələrini və münasibətlərə xələl gətirəcək addımlar atmamalarını tövsiyə edib:
“Bizim tövsiyəmiz odur ki, onlar Azərbaycandan qorxmasın, çəkinməsinlər. Hər zaman farslar azərbaycanlılarla bir yerdə yaşayıblar. İslam mədəniyyətinin formalaşmasında çiyin-çiyinə çalışıblar. Onlar bu cür addımlarla münasibətlərə yalnız xələl gətirir və iki dövlət arasındakı münasibətləri korlayırlar. Bu hərəkətlər münasibətlərimizə heç nə yaxşı vəd etmir. Azərbaycan dilindən, Azərbaycan şairlərindən, yazıçılarından qorxmaq lazım deyil. Əksinə, buna şərait yaratmaq lazımdır ki, orada Azərbaycan dili tədris olunsun, Azərbaycan dili yayılsın, insanlar Azərbaycan dilində danışa bilsinlər. Xalqların birgə yaşayışı, fəaliyyəti və addımlar atması üçün bu, olduqca önəmli və vacib məsələdir”.
Yenicag.az
www.yenicag.az