“Güney Azərbaycanın əsas tələbi türk dilinin fars dili ilə eyni səviyyədə dövlət dili elan edilməsidir”.
Bunu Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.
İran prezidenti Məsud Pezeşkianın Azərbaycan türkcəsi ilə səsləndirdiyi şeirin hansı mesajları ehtiva etdiyi barədə fikirlərini səsləndirən analitikin sözlərinə görə, “Azərbaycan mədəniyyət həftəsi” adı altında Təbrizdə keçirilən tədbirdə belə bir şeirin səsləndirilməsi təbiidir.
“Azərbaycan türkcəsi ilə şeir deyənlər arasında İranın ali lideri Ayətullah Seyid Əli Xamenei də var. İran rəhbərlərinin türkcə şeir səsləndirməsi qeyri-adi hadisə deyil. Sadəcə olaraq, belə məsələlərlə insanları şirnikləndirmək istəyirlər. Ancaq bu, Azərbaycan türkünün İranda tapdanan qanuni, təbii və ilahi haqqının verilməsi demək deyil. Yaxud bunu möhtəşəm addım kimi qiymətləndirmək də doğru deyil. Güney Azərbaycanın əsas tələbi türk dilinin fars dili ilə eyni səviyyədə dövlət dili olmasıdır.
Salamlama məsələsinə gəldikdə isə hansısa hindistanlı ilə görüşdükdə xoş olması üşün “namaste”, ingilisə isə “hello” deyə bilərik. Sonrakı danışıq isə bildiyin dillə aparılacaq. Yəni həmin hadisə buna oxşar situasiyanı əks etdirir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az