PKK-nın gizli planı BELƏ İFŞA OLDU: “Qoruculuq sistemi sıradan çıxarılırsa, növbə dövlət və millətə gələcək”

media-hightechnic-468x90

 

YPG/PKK terror təşkilatı, onun siyasi uzantıları və Türkiyədəki PKK tərəfdarları son dövrlərdə Türkiyənin təhlükəsizlik strukturunun vacib dayaqlarından biri olan qoruculuq sistemini və qorucuları hədəfə almağa başlayıb. Mütəxəssislər bu hücumların yalnız terrorla mübarizədə əldə edilən uğurlarla bağlı olmadığını, daha dərin strateji məqsədlər güddüyünü bildirirlər.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Yenicag.az-la söhbətində qeyd edib ki, qorucuların hədəf alınması sadəcə onların PKK-ya qarşı apardığı uğurlu əməliyyatlarla izah oluna bilməz.

media-img_5490

Onun sözlərinə görə, qoruculuq sistemi YPG/PKK-nın “Kürd-Türk qarşıdurması” üzərində qurduğu bütün separatçı tezisləri kökündən sarsıdır.

“Bölgələrdə və kəndlərdəki qorucuların böyük əksəriyyəti kürd əsillidir və dövlətin yanında yer alaraq PKK-nın terror siyasətini puç ediblər. Bu isə PKK-nın “xalq bizimlədir” yalanını ifşa edib”, – deyə Ağar vurğulayıb.

O bildirib ki, qoruculuq təkcə təhlükəsizlik tədbiri deyil, həm də terrora qarşı siyasi, iqtisadi, sosioloji və antropoloji bir həll modelidir.

“Məhz buna görə də YPG/PKK bu sistemin mövcudluğundan ciddi narahatdır. Qorucular və qoruculuq sisteminin nüfuzdan salınması, sıradan çıxarılması PKK üçün divarda açılan böyük bir dəlikdir. Əvvəl qorucular hədəf alınır, ardınca güvən və sədaqət, sonra qardaşlıq, sonda isə dövlət və millət birliyi zədələnir”, – deyə Ağar qeyd edib.

Ekspert qoruculuq sisteminin “artıq ehtiyac qalmayıb” kimi arqumentlərlə hədəf alınmasını PKK-nın strateji manevri adlandıraraq, bu ritorikaya alət olmağın türk-kürd qardaşlığına qarşı xidmət və böyük bir fitnə olduğunu söyləyib.

Xatırladaq ki, qoruculuq sistemi Türkiyədə 1985-ci ildən etibarən, xüsusilə Şərq və Cənub-Şərq bölgələrində PKK terror təşkilatına qarşı mübarizədə yerli xalqın iştirakını təmin etmək məqsədilə yaradılıb. Dövlətin verdiyi rəsmi statusla fəaliyyət göstərən könüllü və müvəqqəti qorucular, həm bölgənin coğrafi xüsusiyyətlərini yaxşı bilmələri, həm də yerli əhali ilə yaxın münasibətləri sayəsində terrorla mübarizədə mühüm rol oynayırlar.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600