PKK tərksilah OLUNUR: Türkiyə 40 illik terrorla mübarizədə finala YAXINLAŞIR?
Bu gün Türkiyə tarixinin mühüm günlərindən biridir. Belə ki, ilkin məlumatlara görə 30-a yaxın PKK silahlısı tərksilah edilərək silahları Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcək.
PKK-nın bundan sonrakı taleyi necə olacaq? Qruplaşmanın tam fəaliyyətini dayandırması prosesi necə davam edəcək?
Bu sualları Yenicag.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan şərh edib.
Onun sözlərinə görə, PKK terror təşkilatı tərksilah olunmağa başlayır:
“Daha doğrusu, silahları könüllü olaraq təhvil verir. Bu tərksilah edilmə qruplaşmanın lideri Abdulla Öcalanın çağırışı əsasında reallaşır. Türkiyə torpaqları hesabına dövlət yaratmaq iddiasından əl çəkdiyini təsdiqləyir. Türkiyə rəsmilərinin bildirdiyinə görə qruplaşmanın silahları təhvil verməsi 2-5 ay müddət arasında davam edəcək. İşin önəmli tərəfi odur ki, silahların təhvil verilməsi prosesində üçüncü tərəf olmayacaq. Qruplaşma üzvləri bir-bir silahları türk ordusuna özləri şəxsən təhvil verəcək. Qruplaşmanın 30-a yaxın liderinin Türkiyə ərazisinə keçməsi qadağandır. Onlar Türkiyə ərazisinə qəbul edilməyəcəklər”.
Politoloq qeyd edib ki, silahı yerə qoymayan qruplaşma üzvlərinə qarşı Türkiyə mübarizə aparmağa davam edəcək:
“Türkiyə rəsmilərinin bildirdiyinə görə tərksilah olunmayacaq, digər üzvlər isə tərksilah edilənə qədər mübarizə davam edəcək. Bu o deməkdir ki, qruplaşmanın üzvləri Türkiyəyə qarşı hər hansı hərəkət edərsə, zərərsizləşdiriləcək. Hesab edirəm ki, PKK-ya artıq beynəlxalq dəstək yoxdur. Qruplaşma üzvlərinin PKK adı altında fəaliyyətə davam etməsi mənasızdır. Ola bilsin, onlar müxtəlif adda fəaliyyətlərini davam etdirə bilərlər. Əsasən, onların silahı təhvil verməsi prosesi başlanmalıdır. Müxtəlif silahlı qruplaşmalar yaransa belə, Türkiyə ordusu onlara qarşı mübarizəni davam etdirəcək”.
S. Soltan Suriyada fəaliyyət göstərən digər terror qruplaşmalarının aqibəti barədə də danışıb:
“PKK-nın Suriyadakı qollarına qalanda, Suriyadakı qruplaşmaların digər qollarının yaratdığı Suriya Demokratik Qüvvələri hələ bir neçə ay öncə silahları təhvil verəcəyini vəd edib. Bu isə YPG-nin də Suriyada analoji addım atacağını gözləməyə əsas verir. Suriya hakimiyyəti bəyan edib ki, qanunsuz silahı qüvvələrin dövlət strukturlarında, dövlətin rəsmi hərbi orqanlarında xidməti davam etmək istərlərsə, onlar tərksilah olunacaq və ya zərərsizləşdiriləcək. Regionda terror təşkilatlarının sıradan çıxarılması prosesi başlanılıb”.
“Beynəlxalq ictimaiyyətin terror şəbəkəsi kimi tanıdığı HƏMAS, “Hizbullah”, “Əl-Qaidə”, İŞİD kimi radikal dini qruplaşmaları sıradan çıxarılır, Livanda İsrail ordusu çıxarılır, rəsmi Livan ordusu yerləşdirilir və “Hizbullah” tərksilah olunur. Bu isə prosesin məntiqi davamı hesab edilir”, – deyə o, fikirlərini tamamlayıb.
Nurlan Cəfəri