“Azərbaycan hərb meydanında əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir”.
Bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
– Yusif bəy, ölkə başçısının Brüssel səfəri Azərbaycanın maraqlarının təminatına nə dərəcədə təsir göstərdi?
– Görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti olaraq isə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması götürülüb. Sözügedən sənəddə əsas məqam tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından ibarətdir. Bu öz növbəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm addımdır. Avropa İttifaqının vasitəçiliyi ilə prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra yayılan bəyanat, eləcə də Aİ Prezidenti Şarl Mişelin görüşün nəticəsi olaraq jurnalistlərə verdiyi açılqmalar onu deməyə əsas verir ki, Azərbaycanın bu müddət ərzində səsləndirdiyi məsələlərin, demək olar ki, hamısı görüşdə müzakirə olunub və bir qisim məsələlərlə bağlı razılıq əldə olunub.
– Razılaşmalardan biri 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması ilə bağlıdır.
– Mandata uyğun olaraq komissiyanın vəzifəsi Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarətdir.
Sərhədin delimitasiyası dedikdə, söhbət mövcud xəritələr əsasında sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsindən gedir. Sabit təhlükəsizlik vəziyyətini təmin etmək isə özündə insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasını ehtiva edir. Verilmiş bəyanatdan və rəsmi açıqlamalardan məlum olur ki, görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də razılaşdırılıb.
Digər vacib məqam uzun müddətdir müzakirə olunan və Ermənistanın bəhanələri ucbatından hələ də öz həllini tapmamış nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlı razılığın əldə olunmasıdır. Aİ Prezidenti Şarl Mişel yaydığı bəyanatda açıq şəkildə rəhbərlik etdiyi ittifaqın bu məsələdə maraqlı olduğunu gizlətməyib. O, dəmiryol xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb. Eyni zamanda, Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Avropa İttifaqı avtomobil yollarının açılmasınıda zəruri hesab edir və bu, Azərbaycanın maraqlarına tam cavab verir.
– Görüşdən əldə olunan nəticəyə görə, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Bu fonda Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaradıldığını demək olar?
– Azərbaycan hərb meydanında əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir. Hazırda erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Bu gün Avropa İttifaqının prezident İlham Əliyevin regional liderliyini qəbul etməsi faktdır. Onlar Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görürlər.
Gülşən Şərif
www.yenicag.az