Prezident bir sıra görüşlər keçirib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin qarşılıqlı investisiya qoyuluşu üçün müsbət zəmin yaratdığı bildirilib, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı işinə xidmət edəcəyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev bu gün həmçinin, Rusiyanın “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.