Prezident bu ölkələrin səfirlərini qəbul etdi
Bu gün prezident İlham Əliyev Qazaxıstan və Vyetnamın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, Qazaxıstanın səfiri Beybit İsabayev etimadnaməsini prezidentə tədqim edib.
Prezident İlham Əliyev xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu, hazırda ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını qeyd edib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən prezident ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanla Qazaxıstanın mühüm birgə iqtisadi, enerji, nəqliyyat layihələrini həyata keçirdiyini, bütün bunların əməkdaşlığın potensialının daha da gücləndirilməsi işinə xidmət etdiyini bildirib. Prezident Xəzərin statusunun müəyyənləşdirilməsi və Xəzər hövzəsində əməkdaşlıqla bağlı Azərbaycanla Qazaxıstan arasında tam qarşılıqlı anlaşmanın olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı səfirin fəaliyyəti dövründə əlaqələrin möhkəmlənməsinə və hər iki ölkənin regional əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərinin daha da artırılmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Səfir Beybit İsabayev də Qazaxıstanla Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu, öz fəaliyyəti dövründə əlaqələrimin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Bu gün prezident İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfiri Nquyen Than Şonun da etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini prezidentə təqdim edib.
Dövlət başçısı Vyetnam Sosialist Respublikasına ötənilki səfərini, orada Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyi və aparılan səmərəli müzakirələri məmnunluqla xatırladıb. Prezident əlaqələrin hazırkı vəziyyətinin razılıq doğurduğunu qeyd edib. Ölkə başçısı səfirin fəaliyyətinin ikitərəfli münasibətlərin gücləndirilməsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Səfir Nquyen Than Şon ölkəsinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində və daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.