Prezident Maliyyə Nazirliyində- Fotolar
Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.
Maliyyə naziri Samir Şərifov prezidentə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verib.
Qeyd edilib ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası istismara yararsız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırığına əsasən paytaxtın ən gözəl və tarixi guşələrindən birində Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olunub.
Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunub. Qeyd edilib ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.