Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında preambulada və 1-ci hissədə “və ictimai fəaliyyət” sözləri “, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə “altı” sözü “on” sözü ilə əvəz edilsin.
Dəyişikliyə əsasən elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.
Həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilir.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Gənclər və İdman Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
www.yenicag.az