Prezidentin köməkçisi: “Hamı bilir ki, Azərbaycana qara yaxanları kimlər idarə edir”
“Hamı bilir ki, Azərbaycana qara yaxanları kimlər idarə edir. Onların yalnız bir məqsədi var. O da Azərbaycan kimi kiçik dövlətlərin belə böyük tədbirləri keçirə bilmədiyini sübut etməkdir”.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.
“Onlar üçün Azərbaycan kimi ölkənin gördüyü böyük iş cəlbedici görsənir. Və buna istər-istəməz paxıllıq edənlər tapılır. Onlar hər vəclə Azərbaycanın qazandığı müvəqqiyyətləri qaralamaq, kölgədə qoymaq istəyirlər və sübut etməyə çalışırlar ki, Azərbaycan belə tədbirləri keçirə bilməz”, – deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.
Əli Həsənov belə insanlara qarşı Azərbaycanın apardığı siyasətin əsas məğzini açıqlayıb: “Bizim məqsədimiz isə onların bu qarayaxma kampaniyasının effektsiz olduğunu sübut etməkdir”.
“Hamı bilir ki, Azərbaycanı nüfuzdan salmaq istəyənlər erməni diasporunun təşkilatçılığı ilə öz işlərini həyata keçirirlər. Onlara xarici ölkələrdəki qeyri-hökumət təşkilatları da dəstək verir. Bəzi ictimai xadimlər də öz çirkin niyyətlərini ölkəmizə qarşı belə ifadə edirlər. Eurovision musiqi yarışmasında da Azərbaycana qarşı güclü piar kampaniyasına başlamışdılar. Məqsədləri bütün cinahlardan Azərbaycanın üstünə gəlmək idi. Onlar yəqin I Avropa Oyunlarından sonra Bakıda keçirilən hansısa tədbirə görə də üstümüzə gələcəklər. Eurovision-da onlar məğlubiyyətə düçar olduqlarını gördülər, elə indi də o aqibətlə üzləşəcəklər”, – deyə Əli Həsənov vurğulayıb.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi jurnalistin sualına cavabında dünyanın nüfuzlu media nəhənglərinin də adını çəkib: “Böyük Britaniyanın “The Guardian” qəzeti, BBC telekanalı, İngiltərədəki bir çox elektron resurslar, Almaniya və Fransanın tanınmış media şirkətləri də təəssüflər olsun ki, Azərbaycana qarşı bu qarayaxma kampaniyasında öndə gedirlər. Onlar unudurlar ki, bu kampaniyalar təkcə Azərbaycana qarşı deyil, həm də Avropaya, Avropa idmanına, Avropa idmançılarına qarşı hörmətsizlikdir. İnanıram ki, vaxt gələcək, onların bu kampaniyaları da sona çatacaq. Və nəhayət, səhv etdiklərini anlayacaqlar. Elə bəşəriyyət görəcək ki, bu qarayaxmalar doğru olmayıb”.
Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.
***
17:32
“İlk Avropa Oyunlarının Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”.
AzNews.az xəbər verir ki, bu sözləri bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
O, 25 ildir ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını bəyan edib: “25 ilə yaxındır ki, BMT Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qeyd-şərtiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələri faktiki olaraq, yerinə yetirmir. Bir dövlət BMT-nin qətnamələrinə meydan oxuyur. 20 ilə yaxındır ki, dünyanın təhlükəsizlik məsələləri Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi ətrafında dolaşır”.
Prezidentin köməkçisi qeyd edib ki, əksər beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan ediblər: “Təəssüf ki, Ermənistan dövlətinin qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir. Dağlıq Qarabağ münaqişəsi tək bölgənin deyil, düynanın, Avrasiyanın təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatçılığa göz yummaq olmaz, bu, çox təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcudur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz”.
Ə.Həsənov bəyan edib ki, erməni xalqı da, Dağlıq Qarabağ əhalisi də Ermənistandakı separatçı rəhbərlərin, separatçı düşüncəli siyaslərin girovuna çevirliblər.
***
17:01
Əli Həsənov bəzi dairələrin cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışdıqlarını bildirib.
Qeyd edib ki, bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək.
Prezidentin köməkçisi deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr belə antiazərbaycan platforması formalaşdırıblar və sistemli şəkildə antiazərbaycan fəaliyyətlərini yönəldirlər: “Biz bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz bu işlərə təmkinlə yanaşırıq. Öz müstəqil iradəmizlə hərəkət eməyə çalışırıq, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz antiazərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil bu kampaniyadan çəkinməyə çağırırıq”.
***
16:41
“Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var”.
Bu barədə Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.
“Əl-Cəzirə” telekanalının nümayəndəsinin Azərbaycanda “Siyasi məbbuslar nə vaxt azad olunacaq” sualına cavab verərkən Ə.Həsənov deyib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir.
Onun sözlərinə görə, Azərbaycanda söz və mətbuat azadlıqları gündəmə gətirilərək təlqin olunur ki, guya burada siyasi məhbuslar var, söz və mətbuat azadlığı pozulur, azad media mövcud deyil: “Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda birbaşa keçərlidir. Azərbaycan Avropanın hüquq məkanındadır. Kimisə hansısa məhkəmə qərarı qane etmirsə, o, məsələni İnsan Hüquqları Məhkəməsinə çıxara bilər. Bu o deməkdir ki, Azərbaycan məhkəmələri istəsə belə, istər siyasi, istərsə də vətəndaş cəmiyyətinin üzvünü Avropa prinsiplərindən kənar məhkum edə bilməz. Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir”.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda 55 siyasi partiya var və onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər.
Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilir.