Ermənistanda hakimiyyət uğrunda iqtidardaxili çəkişmələr güclənir. Yerli mətbuatın yazdığına görə, Serj Sarkisyanla baş nazir Kare Karapetyan arasında savaş daha da dərinləşir. Bildiyimiz kimi, Ermənistan artıq parlament respublikasına çevrilib. Bu fonda isə baş nazirin səlahiyyətləri artır. Həmçinin, Sarkisyanın da prezidentlik müddəti başa çatır. Lakin məlumatlara görə, o, növbəti seçkilərdən sonra baş nazir postuna yiyələnmək istəyir. Bu əsasda da onunla Karapetyan arasında mübarizə kəskin fazaya daxil olmaqdadır.
Görəsən, Ermənistanda hakimiyyətdaxili qarşıdurma kimin qələbəsilə başa çata bilər?
Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, Sarkisyanla Karapetyan arasında mübarizə ikincinin qələbəsilə başa çatacaq. Çünki Kreml məhz Karapetyanı müdafiə edir:
“Doğrudan da Ermənistanda prezident Sarkisyanla baş nazir Karapetyan arasında savaş günü-gündən daha da dərinləşir. Bu mübarizədə də qalib tərəf ehtimallara görə Karapetyan olacaq. Çünki Moskva onun arxasındadır. Buna şübhəm yoxdur. Sarkisyan dövrü artıq başa çatmaq üzrədir. Onu da düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə Karapetyan Sarkisyanla müqayisədə daha radikal olacaq.
Bu mənada Ermənistanda iqtidardaxili çəkişmələrin kəskinləşməsi və hakimiyyət dəyişikliyinin Qarabağ probleminin həllində ciddi nəticələrə gətirib çıxaracağı qənaətində də deyiləm. Çünki prosesin başında dayanan Rusiyadır”.
ELÇİN
www.yenicag.az