“Çar və Sovet Rusiyası dövründə yürüdülən siyasət hazırda daha eybəcər neoimperialist şəkil alıb”.
Bu fikirləri Rusiya prezidenti Vladimir Putinin Uzaq Şərqə səfəri çərçivəsində bu gün məktəblilərlə görüşündə “SSRİ dağılmasaydı, indi əhalisi 500 milyon nəfər olardı” fikrinə münasibət bildirən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya öz tarixinin ötən mərhələlərində olduğu kimi bu gün də imperiya ambisiyaları ilə yaşayır:
“Mən hələ 1992-ci ildə milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində olarkən istər Rusiya kəşfiyyatına, istər Xarici İşlər Nazirliyinə, istərsə də Prezident Aparatına, hətta neft şirkətlərinə aid əldə etdiyimiz bütün kəşfiyyat məlumatlarında imperiyanın bərpası motivi qırmızı xətlə keçirdi.
Xüsusilə MDB-dən söz düşəndə bildirirdilər ki, geopolitik baxımdan, bu qurum onlar üçün imperiyanın bərpası yolunda keçid-aralıq mərhələsidir. Açıq şəkildə deyirdilər ki, biz öz gücümüzü bərpa edənə qədər müstəqilliyini yeni qazanmış postsovet ölkələrini MDB çərçivəsində öz təsir dairəmizdə saxlamalıyıq. Gücləndiyimiz zaman isə imperiyanı yeni şərtlərə və şəraitə uyğun olaraq bərpa etməliyik.
Hətta Rusiyanın “demokratik” adlandırılan Yeltsin hakimiyyəti dönəmində bu siyasət aparılırdı. Bu misalı çəkməkdə məqsədim Rusiyanın öz imperiya ambisiyalarından heç vaxt kənara çəkilmədiyini bir daha diqqətə çatdırmaqdır. Yəni Çar və Sovet Rusiyası dövründə yürüdülən siyasət hazırda daha eybəcər neoimperialist şəkil alıb. Ona görə də bu kimi bəyanatlarda qeyri-adi heç nə yoxdur. Bu, rus dövlətinin təbiətindən irəli gəlir.
Çox təəssüf ki, Azərbaycan bu təhdidi nəzərə almır və bu, xüsusilə iki məsələdə özünü daha açıq formada göstərir. Birinci, “5-ci kolon”un ölkənin hakimiyyət pillələrində hələ də güclü olması, ikinci isə bir çox postsovet ölkələri, hətta xristian respublikaları ilə müqayisədə rus dilinin arealının getdikcə genişləndirilməsidir. Mən bunu çox dərin təhlükə kimi qiymətləndirirəm. Bu, potensial “5-ci kolon”un yetişdirilməsinə xidmət edən siyasətdir və buna son qoyulmalıdır”.
A.Zeynalov
www.yenicag.az