“Meydan TV”-nin əməkdaşı Günel Mövlud şəxsi “facebook” hesabında qadın-kişi bərabərliyi ilə bağlı status paylaşıb.
Yenicag.az xəbər verir ki, o, statusunda qadının xəyanətini bağışlamağın mümkün olduğunu qeyd etməklə yanaşı, kişiləri “zəif məxluq” adlandırıb.
Statusu olduğu kimi təqdim edirik:
“Mən qadın və kişi bərabərliyi ilə razı deyiləm. Qadınla kişinin hüququ bərabər olsa da, onlar evdə, ailədə bərabər ola bilməzlər. Məncə, nisbət 70 – 30 olmalıdır. 70 faiz qadının, 30 faiz kişinin sözü keçməli, azadlıqları da bu nisbətdə olmalıdır. Qadının xəyanətini bağışlamaq olar, amma kişi xəyanəti başqadır, bunu hər qadın həzm edə bilmir. Amma qadın da elə gəzməlidir ki, bu ailəsinə təsir etməsin. Hər uyduğu kişiyə görə ailəsini dağıtmasın, axı qıraqdakı kişi başqadır, o heç vaxt uşaqların atası qədər dəyərli ola bilməz.
Kül o qadının başına ki, qıraqda gəzdiyi kişiyə, hansısa əxlaqsıza görə təmiz ailəsini dağıdır. Kişi də bunu bilməli və qadının xəyanətinə göz yummalıdır. Hər xəyanət edən qadını boşasalar, ölkədə ailə qalmaz. Yeri gəlmişkən, kişi azadlığı, kişi bərabərliyi barədə bağıranlara da Avropa, Qərb buna görə dəstək verir ki, Azərbaycanda ailə institutu dağılsın.
Amma bunu da nəzərə almaq lazımdır ki, kişilər bizim atalarımız, qardaşlarımızdır, uşaqlarımızın atasıdır, biz onlara hörmət etməli, təhsil almalarına şərait yaratmalı, işləmələrinə icazə verməliyik. Avtobusda, metroda onlara yer verməliyik, onları qorumalı, qayğısına qalmalıyıq. Çünki onlar zərif məxluqlardı, həmişə bizə ehtiyacları var. Kül o qadının başına ki, ərini geyindirə, onun ehtiyaclarını qarşılaya bilmir, onu incidir.
Bəzən kişilər belə humanist qadınların geniş ürəkliliyindən yararlanıb, evdə də artıq hüquq tələb edirlər. Məsələn, qadın dostları ilə gecə yeyib içməkdən gəlirsə, kişi də deyir ki, mən də gedib gecə yarısına qədər dostlarımla oturacam. Belə şeylər əlbəttə yolverilməzdir. Biz azərbaycanlıyıq. Bizim öz mentalitetimiz var. Qadın qadındır, o gəzər də, içər də, ona söz yapışmır. Amma kişi bizim namusumuzdur axı”.
www.yenicag.az