Qadını zəif bənd sayanların köhnə taktikası: Prezidentin ailəsinə qarşı hücuma susmaq tərəfsizlik deyil, mövqedir
Azərbaycan cəmiyyətində qadın heç vaxt kölgədə qalan fiqur olmayıb – o, ailənin dayağı, dövlətin şərəfi, millətin namusu sayılıb. Bizim mental sistemimizdə qadına verilən dəyər sadəcə hörmət deyil, inanc, əxlaq, dövlətçilik ənənəsi olub. Ocağı qoruyan ana, dövləti qoruyan xatun, milləti ayaqda saxlayan qadın obrazı yüzilliklər boyu bizim dünyamızın ən müqəddəs simvollarından biri kimi qəbul edilib. Çünki bizim milli düşüncəmizdə qadına hörmət təkcə ailəyə deyil, bütövlükdə millətin gələcəyinə hörmət deməkdir.
Eyni zamanda, acı reallıqdır ki, tarix boyu güclü liderləri zəiflətmək istəyənlər birbaşa liderə deyil, onun ailəsinə hücum etməyə çalışıblar. Çünki ailə üzvünü hədəfə almaq cəmiyyət daxilində şübhə toxumu səpmək üçün ən asan yoldur. Bu gün prezidentin ailəsinin, xüsusilə ailəyə sonradan daxil olan gəlini Alena Əliyevanın alçaqcasına hücumlara məruz qalmasının əsas səbəbi də məhz budur.
Bu hücumların məhz belə bir dövrdə baş verməsi də təsadüfi deyil. Azərbaycan son illərdə tarixinin ən böyük siyasi və hərbi uğurlarını əldə edib. Qarabağın azad edilməsi, Şuşanın geri qaytarılması, dövlətin ərazi bütövlüyünün bərpası təkcə hərbi qələbə deyil, milli iradənin və güclü liderliyin nəticəsi idi.
Tarix göstərir ki, böyük qələbələrdən sonra informasiya hücumları başlayır. Necə ki prezident İlham Əliyev 44 günlük zəfər səlnaməsindən sonra verdiyi müsahibədə bunu vurğulamışdı. Yəni gözlənilən idi. Fəqət düşmənin bu qədər tənəzzülə uğrayacağını kimsə təsəvvür etməzdi. Görünən odur ki, tarix dəyişsə də, üsul dəyişmir. Dünən də belə idi, bu gün də belədir, elə sabah da belə olacaq.
Qurani-Kərimin hökmü: iftira atanlar rəzil olacaq
Bəlkə, çoxlarına qəribə gələcək, ancaq zamanında gəlmiş və gələcək olan insanların ən doğrusu, ən etibarlısı, ən dəyərlisi olan Hz. Məhəmməd peyğəmbərin ailəsi belə iftiraya məruz qalıb. Tarixdə “İfk hadisəsi” kimi adlandırılan və sevgili peyğəmbərimizi üzən prosesdə də məqsəd peyğəmbərin nüfuzuna zərbə vurmaq idi. Nə qədər acıdır ki, peyğəmbər zövcəsinə iftira atanlar ortada bar-bar bağırır, Rəsulullaha mənəvi olaraq əzab verərkən bəziləri bu iftira qarşısında səssiz qalmağa üstünlük verirlər. Bunun üçün Allah-Təala bu məsələyə birbaşa müdaxilə etdi və Elçisinin ailəsinə qarşı olan bu hücumla bağlı Qurani-Kərimdə açıq hökm verdi.
Nur surəsinin 11-ci ayəsində belə buyurulur:
“Həqiqətən, o böyük iftiranı gətirənlər sizin aranızdan olan bir dəstədir. Siz onu özünüz üçün pis hesab etməyin. Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər birinə qazandığı günahın cəzası vardır. Onlardan bu iftiranın böyüyünü üzərinə götürən üçün isə böyük bir əzab vardır”.
Nur surəsinin 12-ci ayəsində isə daha sərt bir xəbərdarlıq edilir:
“Mömin kişilər və mömin qadınlar bu xəbəri eşitdikdə bir-biriləri haqqında yaxşı zənn etməli və deməli idilər: Bu, açıq-aydın bir iftiradır”.
Bu ayələr sadəcə o dövrdəki bir iftiraya cavab olaraq nazil olmadı, əksinə, baş verəcək hər bir etibar sui-qəsdi zamanı möminin yol bələdçisidir. Yəni bir insan haqqında ittiham yayılanda möminin və vicdanlı insanın ilk reaksiyası şübhəni yox, ədaləti müdafiə etmək olmalıdır. Təəssüf ki, o gün də, elə bu gün də iftiraçıların səsi bərk çıxarkən namuslu və vicdanlı insanların bir qismi “məndən ötsün” deyib susur və bununla da haqsızlığın yayılmasına dolayısı ilə şərait yaradırlar.
Hürrəm sultandan Gövhər Ağaya qədər eyni ssenari
Tarixə baxanda görürük ki, güclü qadınların, demək olar, hamısı eyni hücumlara məruz qalıb. Osmanlı sarayının ən nüfuzlu qadınlarından biri olan Hürrəm sultan haqqında bu yöndə onlarla dedi-qodu yayılmışdı. Onun gücü və təsiri bəzi dairələri narahat edirdi. Ona görə də onu nüfuzdan salmaq üçün şayiə silahından istifadə olunurdu.
Azərbaycan tarixində də bu cür nümunələr var. Məsələn, Şuşada iki böyük məscid inşa etdirən Gövhər Ağa dövrünün ən hörmətli qadınlarından biri idi. Amma o da iftiradan yan keçməmişdi. Onun haqqında dövründə da əsassız ittihamlar yayılıb. O dövrün tarixçi və səyyahlarını oxuyanda bunu görmək mümkündür. Lakin zaman keçdi və nəticə ortada qaldı – iftira atanların adı unuduldu, ancaq bu gün də Gövhər Ağanın adı sevgi və sayğı ilə anılır.
Tarixin bu dərsi çox sadədir: iftira qısamüddətlidir, edilən yaxşılıqlar isə uzunömürlüdür.
İmtiyazlıların susqunluğu xəyanətə ortaqlıqdır
Bugünkü vəziyyətdə ən narahatedici məqam yalnız hücumların özü deyil, bəzi insanların, xüsusilə də prezidentin hər bir imtiyazla təmin etdiyi şəxslərin və ya deputatların susqunluğudur.
Cəmiyyət sadə vətəndaşdan yox, məhz məsuliyyət daşıyan şəxslərdən mövqe gözləyir. Çünki vəzifə yalnız səlahiyyət deyil, həm də cavabdehlikdir.
Haqsızlıq qarşısında susmaq adi insan üçün tərəddüd sayıla bilər, amma hər cür dövlət imtiyazı ilə əhatə olunanların susması artıq neytral mövqe deyil, məsuliyyətdən yayınmaqdır.
Tarix hər zaman iki qrup insanı yadda saxlayır: haqsızlıq edənləri və haqsızlıq qarşısında susanları.
Çətin məqamda danışmaq cəsarət tələb edir, amma susmaq bəzən daha ağır nəticələr doğurur. Çünki yalanın qarşısında sükut yarananda yalan güclənir, həqiqət isə tək qalır.
Bu gün hədəf təkcə bir qadın deyil, dəyərlərdir
Bu gün prezidentin ailəsinə, xüsusilə gəlini Alena Əliyevaya qarşı yönələn hücumlar yalnız bir xanımın ünvanına deyil. Bu həm də ailə institutuna, qadının cəmiyyətdəki yerinə və milli dəyərlərə yönəlmiş hücum kimi qiymətləndirilməlidir.
Burada diqqət çəkən başqa bir məqam da var. Prezident ailəsinin digər üzvləri uzun illərdir xalqın önündədir, cəmiyyət onları tanıyır, fəaliyyətlərini bilir. Ancaq yeni ailə üzvü cəmiyyət üçün tanınma mərhələsində olur, məhz buna görə bəzi dairələr belə düşünür: “Yeni sima haqqında nə desək, bəziləri inanacaq”.
Bu, təsadüfi hücum deyil, hesablanmış bir siyasətdir. Tarix boyu informasiya müharibəsində ən çox istifadə olunan taktikalardan biri məhz budur: zəif bəndi hədəfə almaq. Bu gün onlar üçün Alena Əliyeva zəif bənd kimi seçilib.
Çünki güclü iradəni sındıra bilməyənlər onun ətrafına hücum edir. Dövlətin özünə çatmayanlar qadının adına, ailənin şərəfinə toxunmağa çalışır. Bu, cəsarət deyil, köhnə, çirkin və qorxaq bir üsuldur.
Amma tarix bir şeyi dəfələrlə göstərib: şərəfə atılan böhtanın hesabı gec-tez soruşulur.
Bu oyunu quranlar da, bu çirkli hücuma alət olanlar da, buna susaraq göz yumanlar da bir gün mütləq peşman olacaqlar.
Çünki qadının ləyaqətinə uzanan əl sadəcə bir insana deyil, millətin namusuna toxunmaq deməkdir. Və millətin namusuna toxunanlar tarix qarşısında həmişə uduzan tərəf olub.
Və zaman keçəndən sonra yaddaşlarda bir sual qalır: iftira atan kim idi və haqqın yanında duran kim oldu?
Aqil Ələsgər













