Qafqaz yenidən ABŞ və Rusiyanın çəkişmə nöqtəsinə çevriləcək?
Cənubi Qafqaz əlverişli, o cümlədən strateji geosiyasi mövqeyə malik olduğundan daim dünya güclərinin marağında olub. Dünyanın lider dövlətləri Rusiya və Amerika Birləşmiş Ştatları bu region uğrunda mütəmadi “soyuq savaşlar” aparır. Rusiyanın sözügedən bölgədə güclü nüfuzu daim ABŞ-ın siyasi narahatlığına səbəb olub. ABŞ da öz növbəsində müxtəlif siyasi metodlarla,daha dəqiq desək, QHT və ictimai təşkilatlar vasitəsilə öz siyasi məqsədlərini Cənubi Qafqazda yürütmək istəyir. Belə olan halda iki hegemon dövlətin Cənubi Qafqaz regionunda ciddi ziddiyəti yaranır.
Bəs bu gün vəziyyət necədir? “Cənubi Qafqaz ABŞ və Rusiyanın çəkişmə nöqtəsinə çevrilə bilərmi?” sualını politoloqlar belə cavablandırdı:
Natiq Miri. politoloq: “Krımın Rusiya tərəfindən ilhaqından sonra Avropanın bir hissəsi olan Cənubi Qafqaz Qərbin təhlükəsizlik maraqları çərçivəsinə daxil olub. Bu kontekstdə Gürcüstan və Azərbaycanın Avropa Birliyi assosiativ müqaviləsinə və NATO-ya inteqrasiyası nəzərdə tutulur və bu yöndə konkret işlər görülür. Buna paralel olaraq Rusiya da Cənubi Qafqazda güclənmək istəyir. Rusiyanın böyük qonşusu Ukrayna itirildikdən sonra Cənubi Qafqazın da itirilməsini Şimal qonşumuz gözə ala bilməz. Çünki bu gerçək olması Rusiyanın Avrasiya modeli iflası demək olardı. Rusiya isə bu modeli gələcəkdə ayaqda dura bilmə modeli kimi görür və buna strateji önəm verir. Ona görə də Cənubi Qafqaz uğrunda savaş artıq başlayıb. Gürcüstan hökümətindəki istefalar, Rusiyayönlü siyasətçilərin aktivləşməsi, Azərbaycana olan intensiv səfərlər və son Azərbaycan-Qərb qarşıdurması bu savaşın təzahürləri kimi dəyərləndirilməlidir. Avropanın Cənub Qaz dəhlizi ilə bağlı qərar verməsi də göstərir ki, bu xəmir hələ çox su aparacaq. Bu çəkişmənin fonunda bizə Azərbaycan olaraq düşən doğru zamanda doğru yerdə ola bilməmizdir.”
Nərmin Allahverdiyeva.qafqazşünas: “Regionda həm ABŞ-ın həm də Rusiyanın siyasi,strateji maraqları var. Amerika illərdir çalışır ki,Rusiyanın mövqeyini Cənubi Qafqazda zəiflətsin. Bunun üçün Gürcüstan və Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir,iqtisadi lahiyələri dəstəkləyir. ABŞ politoloqu Bzejinskinin dediyi kimi hal-hazırda ABŞ-ın əsas maraqlarından da biri Ermənistanı Rusiyanın iqtisadi və siyasi asılılığından azad etməkdən ibarətdir. Həm Qafqaz münaqişə ocağı hesab olunur. ABŞ bütün bu münaqişələrin əsas səbəbkarı kimi Rusiyanı ittiham edir”
Elşad İsaoğlu.hüquqşünas: “Sadə məntiqi analizlə bunu bilmək olar.ABŞ siyasətinin əsas məqsədi Rusiya Federasiyasının Cənubi Qafqazda mövqeyini zəiflətməkdir. Tarixə nəzər salsaq, Rusiyanın Cənubi Osetiyada apardığı hərbi əməliyyatlar, 2004-cü ildə M. Saakaşvilinin hakimiyyətə gəlişi, sonradan İvanaşvilinin baş nazir postuna yiyələnməyi və bu gün də gedən siyasi proseslər regionda hələ də bu iki gücün ziddiyətinin olduğunu göstərir. Belə qənaətə gəlmək olar ki, siyasi proseslər hələ də davam edəcək”
Kamran Ədalətoğlu/ Yenicag.az