Qar Quba yolunu bağladı – Ağır zəncirvari qəza
Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlara səbəb olub. Güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb. Quba 6 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.
Hazırda yolun qardan təmizlənməsi və açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.
***
Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranan problem tam aradan qaldırılıb. Bu barədə APA-nın şimal bürosuna Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) sahə rəisi Bilal Sultanov məlumat verib. Onun sözlərinə görə, səhər saatlarından etibarən yolun qardan təmizlənməsi və açılması üçün əraziyə 6 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Texnikanın köməkliyi ilə Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranan məhdudiyyət tam aradan qaldırılıb.
***
Bakı-Quba yolunun 19-cu km-də şəhərə gəliş istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Metroloji şərait düzgün seçilmədiyi üçün 6 avtomobilin iştirakı ilə baş verən qəzada yol təssərrüfatına ziyan dəyib. Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC və Baş Dövlət Yol Polisinin əməkdaşları ilə birgə baş vermiş hadisə ilə bağlı akt tərtib olunub. Hazırda avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində iş aparılır. /apa/