Qara Qarayev: "Yeni baş məşqçi komandaya öz fəlsəfəsini gətirib"
Komanda yaxşı vəziyyətdədir, futbolçularda yorğunluq yoxdur. “Aris” üzərində qalibiyyət bizə yaxşı əhval-ruhiyyə bəxş edib.
Yenicag.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Kiprin “Omoniya” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Yarımmüdafiəçi sabahkı matça tam hazır olduqlarını bildirib: “Yaxşı və təhlükəli rəqibə qarşı oynayacağıq. “Omoniya”nı analiz etmişik. Bütün diqqətimiz bu oyundadır. Evdə oynamaq üstünlüyündən istifadə edib, qalib gəlmək istəyirik. İnanıram ki, azarkeşlərimizin də dəstəyilə qələbə qazana bilərik”.
Vaxtilə “Qarabağ”ın heyətində “Omoniya”ya qarşı oynadığını xatırladan futbolçu hazırkı heyətin daha güclü olduğunu söyləyib: “Həmin komanda ilə indiki arasında xeyli fərq var. Yeni baş məşqçi komandaya öz fəlsəfəsini gətirib. Hazırkı “Omoniya”nın hücum xətti daha sürətlidir”.
Bütün komandalara hörmətlə yanaşdıqlarını deyən Q.Qarayev “Araz-Naxçıvan”ın da öz hədəflərinin olduğunu və buna çatmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Ona görə də hansı rəqiblə oynamağımızın heç bir fərqi yoxdur. Futbolda bütün suallara meydanda aydınlıq gəlir. Böyümək üçün zaman lazımdır. İnanıram ki, növbəti illərdə daha inamlı addımlar ataraq, qruplarda çıxış edə bilərik”.
O, “Omoniya” ilə matçda azarkeşlərin tribunaları tam dolduracağına inamını ifadə edib: “Biz məhz bunu gözləyirik. Düşünürəm ki, ilk matçdan sonra fanatların etimadını qazana bilmişik”.
Qara Qarayev sonda oyunlar vaxtı daha çox ehtiyatda qalmasına da münasibət bildirib: “Harada olmağımdan asılı olmayaraq, hər zaman Elmar müəllimin yanındayam. Buraya komandaya kömək etmək üçün gəlmişəm”.
Qeyd edək ki, avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 14-də Nikosiyada olacaq./Azertag/