Dövlət Gömrük Komitəsi Qarabağ müharibəsi iştirakçılarının Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda qanunsuzluqlarla üzləşdiyi, İran İslam Respublikasından gətirdikləri malların gömrük sərhədindən buraxılmadığı iddia olunan məlumatlara münasibət bildirib.
Komitədən Yeniacg.az-a bildirilib ki, torpaqlarımızın müdafiəsində iştirak edən, sağlamlığını itirən şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Lakin gömrük qanunvericiliyində bu qəbildən olan insanların həyata keçirdiyi idxal-ixrac əməliyyatları zamanı hər hansı güzəştlər nəzərdə tutulmayıb. Belə ki, fiziki şəxlərin güzəştli qaydada ölkəyə gətirə biləcəkləri malların miqdarı qanunvericilikdə müəyyən edilib və gömrük orqanlarının vəzifəsi qanunvericiliyin tələblərini yerinə yetirməkdən ibarətdir:
“Məlumatda bəhs edilən Qarabağ müharibəsi iştirakçılarının etirazına səbəb isə həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulandan artıq miqdarda malı gömrük sərhədindən keçirmək istəmələridir. “Qoşa Təpə” gömrük postunda həmin şəxslərlə qanunvericiliyin müvafiq tələbləri barədə izahat işləri aparılsa da, həmin şəxslər bununla razılaşmaq istəmir.
Bütün gömrük-sərhəd keçid məntəqələrində olduğu kimi, “Qoşa Təpə” gömrük postunda da vətəndaşlardan yalnız qanunvericiliyin tələblərinə riayət etmək tələb olunur.
Onu da qeyd edək ki, torpaqlarımızın müdafiəsində iştirak edən, sağlamlığını itirən şəxslər Dövlət Gömrük Komitəsinin tabeliyində olan bütün qurumlar və gömrük əməkdaşları tərəfindən yüksək ehtiramla qəbul edilir, onların problemləri dinlənilərək qanunvericiliyə uyğun şəkildə qısa zamanda həll edilir”.
www.yenicag.az