“Bir neçə dindar var, qaçıb gediblər İrana. Onlar Azərbaycan bayrağını əski adlandırırlar. Azərbaycan bayrağının dini bayraq olmasının zəruriliyindən danışırlar. İranda yaşayırlar, ancaq bilmirlər ki, İran bayrağı dünyəvi bayraqdır, dini bayraq deyil”.
Bu fikirləri Azərbaycanda radikal dini çağırışlaırn artması, müxtəlif bəyanatlar və etirazları şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.
Sərdar Cəlaloğlu bildirib ki, dindarların davranışı onların başqa güclər tərəfindən idarə edildiyini deməyə əsas verir:
“Dini motivlə Azərbaycanda mübarizə aparan şəxslərin böyük əksəriyyəti xarici dövlətlərin təsiri altındadır. Rusiyada hansısa bir məscidin nümayəndəsi çıxıb Azərbaycan haqqında bəyanat verir.
Bəzi adamlar islam dininin mahiyyətini anlamadığına görə bu prosesə qoşulurlar. Son vaxtlar guya Allahın təhqir olunması ilə bağlı etiraz aksiyası keçirilib. Allah bir insan deyil ki, onu təhqir etmək mümkün olsun. Bu o deməkdir ki, Allahı insanla bərabərləşdirirlər. Allahın bəndənin onu müdafiəsinə ehtiyacı yoxdur. Kimsə Allahı müdafiə edirsə, bu o deməkdir ki, Allahın müdafiəyə ehtiyacı var. Bunun özü çox böyük günahdır. Hətta bu barədə düşünmək belə günahdır. Avvam adamlar var, salıblar ortalığa, guya öz aləmlərində aranı qarışdırmaq istəyirlər. Bir neçə dindar var, qaçıb gediblər İrana. Onlar Azərbaycan bayrağını əski adlandırırlar. Azərbaycan bayrağının dini bayraq olmasının zəruriliyindən danışırlar. İranda yaşayırlar, ancaq bilmirlər ki, İran bayrağı dünyəvi bayraqdır, dini bayraq deyil. İslam dininin üç bayrağı olub. Peyğəmbərin vaxtında ağ, Əməvilərin vaxtında yaşıl, Abbasilər xilafətində isə qara rəngdə olub. İran bayrağı nə qaradır, nə yaşıldır, nə də ağ. İranın bayrağı dünyəvidir, üçrənglidir. Xeyir ola, Azərbaycan bayrağı dəyişməlidir? Bütün bunlar hamısı Azərbaycana qarşı yönəlib. O güclər, əslində, əhəmiyyətsizdir. Onların heç bir ciddi təsiri yoxdur. Ancaq milçək özü bir şey deyil, ürək bulandıra bilir.
Azərbaycanda dini azadlıq həddindən artıq açıqdır. Burada bütün dinlər sərbəst şəkildə iş görür. Taleh Bağırzadə Allahın təhqir olunması ilə bağlı aclıq aksiyası keçirir. Onda belə çıxır ki, Allahşükür Paşazadə Allahın təhqir olunması ilə razıdır. Bu elə deyil. İslam dinində nəinki Allahı, hətta bütləri təhqir etmək belə qadağandır. Dövlət bunları zamanında tənzimləmədiyinə görə İran və Rusiya bundan istifadə edir. Rusiya SSRİ-ni bərpa etmək istəyir. Ona görə də düşmənlərə bəhanə verməməliyik. Bütün məsələlərə operativ şəkildə reaksiya verilməlidir. Əgər bir adam kiminsə vicdan azadlığını pozubsa, dərhal cəzalandırılmalıdır. Bunlar acınacaqlı şeydir və ölkəmizin məhvinə gətirib çıxara bilər.
Buradan da Taleh Bağırzadəyə üzümü tutub deyirəm ki, Allahın onların müdafiəsinə ehtiyacı yoxdur. Ona görə də aclıq aksiyasını dayandırsın. Özünə qəsd etmək lazım deyil. Allah Qurani-Kərimdə intiharı ən böyük günah kimi görür. Sən necə dindarsan ki, bilavasitə Allahın əmrini pozursan? Aclıq çıxış yolu deyil”.
Səxavət Məmməd
www.yenicag.az