!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ı HƏDƏF ALANLAR: “Ölkəmizi Avropada tanıdan bir məşqçi niyə istefaya getməlidir?” - ŞƏRH

!Reklam – Yazi

“Komanda uduzduqda onun yanında olmaq lazımdır, qələbə qazananda hamı dəstək ola bilər”.

Bu sözləri “Qarabağ”ın dünənki oyunu və ümumilikdə klub üzvləri haqqında fikirlərini bölüşən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında bildirib:

“Hər şeydən əvvəl futbolda udmaq da, uduzmaq da var. Qurban Qurbanov yeganə məşqçidir ki, “Qarabağ”ın timsalında Azərbaycan futbolunu dünyada tanıdıb. Təəssüf ki, bizim dünənki məğlubiyyətimizə sevinənlər də var. Onlar da acı sözlərlə Qurban müəllimi və klubu ruhdan salmağa çalışırlar.

Komanda uduzduqda onun yanında olmaq lazımdır, qələbə qazananda hamı dəstək ola bilər. Qurban müəllimi tənqid edərək istefaya səsləyənlər də var. Nəyə görə o, istefa verməlidir?

İllərdir mötəbər turnirlərdə klubu və ölkəmizi Avropada tanıdan bir məşqçi niyə istefaya getməlidir? Bütün bunlar axmaq sözlərdir. Bu, futboldur və oyunda səhvlər də olmalıdır. Əsas futbolçular komandanı tərk edib, yeni transferlərsə, kluba hələ ki uyğunlaşa bilmirlər. Amma bu müvəqqətidir və onlar da özlərini doğruldacaqlar. Buna bir qədər zaman lazımdır. Komandaya və Qurban müəllimə uğurlar arzulayıram. Bu klub yenidən bizləri sevindirəcək”.

Millət vəkili klubun digər üzvləri haqqında da fikirlərini bildirib:

“Komandada təkcə Q.Qurbanovu deyil, digər üzvləri də sərt tənqid edirlər. Son oyunlarda Şahruddinin də səhvlərini gördük. Bu kimi səhvlər kluba zərərlər gətirib. Amma buna görə onu güllələmək lazımdır? Heç dünənki oyunda səhvləri yox idi.

Qara Qarayev isə mənim çox dəyər verdiyim oyunçudur. Onun komandanı tərk etməsinə çox təəssüflənirəm. Bu futbolçu “Qarabağ”ın yetirməsiydi və 18 il klubda ləyaqətlə mübarizə aparırdı. Legioner kimi klubdan ayrılsaydı, daha yaxşı olardı, ölkəmizi dünyada tanıdardı. Ola bilsin ki, daha çox maaş istəyirdi. Onun gedişində rəhbərliyin də təqsiri var. Gərək onu dilə tutub saxlayardılar.

Qurban müəllimi yaxından tanıyıram. O, heç vaxt maliyyə işlərinə də qarışmır, yalnız oyunçuların məşqi ilə məşğuldur. Buna görə onun gedişində Qurban müəllimin günahı yoxdur. İndi Qara “Neftçi”yə keçib, o da bizim komandamızdır. Yəqin ki, orada da gözəl oyun nümayiş etdirəcək”.

Həmçinin Aqil Abbas klubun oyunçuları ilə birgə xatirələrindən söz açıb:

“Qarayla bağlı yaxşı xatirələrimiz də var. Bir dəfə Füzulidə cənab prezidentlə səfərdə olarkən Qara da bizimlə gəlmişdi. Füzulinin yeni planı ilə tanış olduqdan sonra ictimaiyyətlə görüş başladı.  Həmin gün “Qarabağ”ın oyunu olmalıydı. O zaman prezidentimizə müraciət etdim ki, bu gün “Qarabağ”ın oyunu olacaq, Qara bir az tez gedə bilərmi? Onda cənab prezident belə bir xoş zarafat elədi: “Qurbana da zəng edin, qoy oyunu 2 saat gec başlasın”. Sonra Qaraya tez getməsi üçün şərait yaradıldı.

Bir dəfə də Q.Qarayev ilə M. Emreli “Nizami” kinoteatrında bir tədbirdə məni gördülər və şəkil çəkdirmək istədilər. Səhəri gün qəzetlərin birində bizim şəklimiz çap olunanda qeyd elədim ki, belə yazılsın: “Dostlar, görün mən kimlərlə şəkil çəkdirirəm – Azərbaycanın futbol ulduzları”.

Mən onların xətrini çox istəyirəm. Ölkənin dəyərli futbolçularıdır. Bax belə xoş xatirələrimiz var”.

Yusif Səmədzadə

www.yenicag.az

1009
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv