Bu yazını məqsədli şəkildə gec qələmə aldım, istədim ki, hər kəs öz düşüncələrini yazsın və mənim bu qeydlərim həm də bir cavab olaraq qəbul edilsin.
4-6 noyabr tarixlərində Belçikanın paytaxtı Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin (AAK) yaranmasının 15 illik yubleyi münasibətilə təşkil olunmuş “Azərbaycan Diasporu və Azərbaycan mediyası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” adlı konfransda iştirak etdim. Bu konfransa təşkilatı dəstəyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurası və ATXƏM sədri İlham İsmayılov verib.
Əlbəttə, mən o tədbirə AAK prezidenti Sahil Qasımovun dəvəti ilə qatıldım. Konqresin Mərkəzi Şurasının üzvi kimi konfransda iştirakı özümə borc bildim. Düz iki il bundan öncə Konqres Niderlandın Amsterdam şəhərində, həmçinin də Brüsseldə çox möhtəşəm simpozium təşkil etmişdi. Mən o barədə böyük məmnunluqla yazmışdım. O simpoziuma qatılan Avropanın nüfuzlu siyasi xadimləri və jurnalistləri orada həm də Dağlıq Qarabağda böyük savaşa səbəb olmuş separatizmdən danışmışdılar. O baxımdan, 500 nəfərlik salonda baş tutmuş simpozium uzun müddət yaddaşlardan silinmədi.
Brüsseldə keçirilən konfransda da eyni ab-hava vardı. İnsanlarımızın içində yenə bir ümid vardı ki, həyata keçirdiyimiz bu işlər Azərbaycanımızın faydasına olacaq. Məncə, konfransda edilmiş bir çox çıxışlar heç unudulmayacaq – Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun çıxışı kimi. Fuad müəllim danışdıqca düşünürdüm ki, nə yaxşı, Avropanın mərkəzində, dünya üçün çox böyük əhəmiyyət kəsb edən bir yerdə Azərbaycanı milli məfkurəyə sahib bir diplomat təmsil edir.
Səfir kimi fəaliyyətə başladığı ilk dönəmlərdə rastlaşdıqları çətinlikləri necə aradan qaldırdıqlarını, erməni diasporu və lobbiçilərinə qarşı apardıqları mübarizənin çətinliklərindən danışdıqca, gözlərindəki acı bir yanğı onun hisslərini tam ifadə edə bilirdi. Həyəcanını bir diplomat soyuqqanlılığı ilə büruzə verməməyə çalışsa da, gözlərindəki məyusluq bunu əngəlləyirdi. Sonradan öyrəndim ki, Fuad müəllim həm də Qarabağ qazisi imiş, müharibənin dəhşətlərindən keçmiş bir diplomatın milli olmaqdan başqa bir yolu yoxdur təbii ki. Onun gözlərində əks olunan kədər itirilmiş Vətən torpağının ağrısı idi…
Gördükləri işlərdən bəhs etdikcə düşünürdüm ki, Azərbaycanımızın mədəni irsini Avropanın küçələrində əbədiləşdirən bu düşüncəyə sahib diplomatların sayı çox olsa, Azərbaycan bundan nə qədər faydalanar…
Prezident Administrasiyasının əməkdaşı Qafar Əliyev isə Azərbaycan dövlətinin maraqları naminə böyük ideallar ətrafında birləşməyin yollarından danışdı. Ulu öndər Heydər Əliyevin diasporumuzun inkişafına verdiyi önəmdən və Prezident İlham Əliyevin diasporumuzun formalaşmasına dair tövsiyələrindən söz açdı.
Millət vəkili və Mətbuat Şurasının sədri Əflatun Amaşov isə diaspor və mətbutın birgə fəaliyyət yollarından söz açaraq, bu yolda görülməsi vacib olan işlərə toxundu.
İlham ismayılov da öz növbəsində gördüyü işlərdən danışdı. Uzun illərdir ki, tanıdığım bir adamın hansı çətinliklərlə qarşılaşdığını bildiyim üçün dediklərinə bütün qəlbimlə inanırdım. O, Türk dünyası sevdalısı olan bir qardaşımızdır. Almaniyadan sırf bu tədbirə qatılmaq üçün gələn tanınmış ictimai xadim Əlövsət Əliyev öz çıxışını əsasən təkliflər üzərində qurdu. Avropanın müxtəlif ölkələrində yaşamak məcburiyyətində qalmış soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli yollarından danışdı. Səfirimiz Fuad İsgəndərov isə bu sahədə görülən işlər haqqında geniş məlumat verdi.
Ən önəmli çıxışlardan birini isə əlbəttə Sahil Qasımov etdi. İlk öncə fəaliyyətləri ilə bağlı hesabat verdi, sonra isə problemlərdən danışdı. Hiss etdirməsə də, çıxışında bir az inciklik var idi və haqsız da sayılmazdı. Çünki bu insanlar min bir əzabla güclü erməni diasporuna qarşı mübarizə aparırlar, Azərbaycanın milil və dövlət maraqlarını qorumaq üçün gecə-gündüz çalışırlar, ölkə rəhbərinə təhqir yağdıranların qarşısında dayanırlar, amma kimlərsə ortaya çıxıb onların əziyyətini yerə vurmağa çalışır.
Əlbəttə, bunu qəbul etmək mümkün deyil. Ukrayna Azərbaycanlılarının sədri Rövşən Tağıyev danışdıqca belə bir diaspor təşkilatını parçalamaq istəyənlərin ağıllarının yerində olduğuna və onların Azərbaycanı sevdiklərinə şübhə etdim.
Gördükləri işdən bəhs etdikcə düşünürdüm ki, hər yerdə bu qədər ağlı başında vətənpərvərlərimiz olsaydı, Qarabağ kimi dərdimizi dünyaya çoxdan başa salardıq.
NATO kimi mötəbər bir qurumda və Avropa Parlamentindəki görüşlərimiz də çox yüksək səviyyədə təşkil olunmuşdu.
Bunlar gözlə görünənlərdir. Ancaq pərdə arxasında bəzi ürəkbulandıran işlər olmuşdu. Məsələn, Bakıdan bəzi insanlara zəng vuraraq, bu konfransa getməyi məsləhət görməyənlər də olub. Burada söhbət şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan məmurlardan gedir. Bunun qarşısı təcili surətdə alınmasa, onlar bizi erməni diasporuna uduzduracaqlar.
Yazımın sonunda bu konfransın baş tutmasında ən çox əmək verənlərə: Hollandiyada yaşayan müstəqil jurnalist Elnaz Ağaxan, Real TV-nin Avropa bürosundan Xatirə Abdullazadə, Finlandiya Qadınlar Cəmiyyətinin sədri, AAK-nın Baş Katibi Arzu Oktay, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradı kimi insanların hər biri Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Onlar Qarabağın səsi olmağı özlərinə borc bilən Vətən övladlarıdırlar.
Bir də Azərbaycan səfirliyinin əməkdaşlarının timsalında həmin konfransın pərdəarxası qəhrəmanları da vardı. Püstə və Nadirin simasında hər birinə çox təşəkkür edirəm.
Yenidən görüşmək ümidilə, Allaha əmanət olun!
www.yenicag.az