"Qarabağ"ın güclü rəqib olduğunu bilirik" - "Şerif"in baş məşqçisi
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda sabah “Qarabağ”ın qonağı olacaq “Şerif”in baş məşqçisi Roberto Bordin oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Yenicag.az xəbər verir ki, italyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
– Bizi çətin oyun gözləyir. “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Bununla belə, düşünürəm ki, maraqlı oyun olacaq.
– “Qarabağ”ı cütün favoriti hesab etmək olar?
– “Qarabağ”ın üstünlüyü ondan ibarətdi ki, ilk oyunu evdə oynayır. Burda bizi 0:0 hesabı qane edir. Fikrimcə, həlledici oyun evdə keçirəcəyimiz qarşılaşma olacaq.
– Rəqibin əsasən hansı mövqeyini daha təhlükəli hesab edirsiz?
– Hər şeydən əvvəl “Qarabağ” güclü rəqibdi. Topa oynamağı yaxşı bacarır. Tək-tək oyunçuları fərqləndirmək istəməzdim. Hücum xətti xüsusilə sürətli oyunuyla seçilir.
– “Qarabağ” üçün hansısa sürprizin var?
– Sürprizlər deyilmir. Bunu sabah görəcəksiz.
– Bura gələn komandalar əsasən, havanın isti olmasından şikayətlənir. Siz necə, burdakı havadan razısız?
– Biz Tiraspolda da bu cür havada oynayırıq. Havaisti olsa, bu, hər iki komanda üçün problem olacaq. Ancaq bildiyim qədər ilə sabah küləkli hava olacaq.
– Komanda son çempionat oyununda xal itirdi. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
– Həmin oyunda son dəqiqlərdə qol buraxdıq. Ancaq bu, komandaya hansısa çətinlik yaratmır.
– Komandanın heyətində itki yoxdu ki?
– Yox, komandada heç bir itki yoxdu.
– Sizdə artıq çempionatda bir neçə tur geridə qalıb. Bu, komandaya çətinlik yaratmayacaq ki?
– Biz artıq buna öyrəşmişik. Demək olar, həftədə iki dəfə oyun keçiririk. Buna görə, bunun çətinlik yaradacağını düşünmürəm.
Yenicag.az