“Ata vəsiyyətini yerinə yetirən prezident İlham Əliyev Azərbaycan xalqının, eləcə də bütün türk xalqlarının üzünü güldürdü”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Bakıda ötən gün baş tutan “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı beynəlxalq konfransda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
Alim Bayel bildirib ki, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin xatirəsi bütün türk dünyasında dərin hörmətlə anılır:
“Onun türk dünyasının inkişafında əvəzsiz rolu var. Heydər Əliyev bütün türk dünyası üçün əhəmiyyət kəsb edən Qarabağın azad olunması üçün əlindən gələni edib. Bütün beynəlxalq platformalarda dərin tarixi yaramız olan bir milyon qaçqının dərdini səsləndirib.
Qarabağın azad olunması türk dünyası üçün yeni qapılar açıb. Bu günləri görməyimizin səbəbi Heydər Əliyevin çəkdiyi siyasi yolun öz bəhrəsini verməsidir. Onun yolunu davam etdirən və ata vəsiyyətini yerinə yetirən prezident İlham Əliyev Azərbaycan xalqının, eləcə də bütün türk xalqlarının üzünü güldürdü.
Qarabağ azad olunmazdan öncə azərbaycanlılar hər bayramda Qarabağın azad edilməsini arzulayırdılar. Bayramlarda hamı sevinsə də, Qarabağ dərdinə görə heç kəsin üz-gözü gülmürdü. Hazırda isə hamımızın həm üzü, həm də gözü gülür.
Ermənistanın həyata keçirdiyi işğala son qoyulması, Qarabağın azad olunması, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi fonunda geosiyasi vəziyyətin mürəkkəbləşdiyi, risklərin artdığı görünür. Lakin türk dünyasının daha da inkişafı üçün geniş imkanlar yaranıb. Belə bir şəraitdə türk dövlətlərinin birliyinə daha çox ehtiyac var”.
Nəsimi Ələsgərli
www.yenicag.az