“Tottenhem” kimi komandalar yaratdıqları imkanlardan maksimum yararlanır, rəqib səhvini bağışlamırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa Liqası çərçivəsində üz-üzə gələcək “Tottenhem”-“Qarabağ” oyunu və komandamıza qarşı olan hakim ədalətsizlikləri barədə danışan idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, “Qarabağ” sübut edib ki, istənilən rəqiblə mübarizə aparmağa qadirdir.
“Tottenhem” indiyə qədər “Qarabağ”ın qalib gəldiyi rəqiblərdən o qədər də güclü deyil. Sadəcə, “Qarabağ”ın ənənəvi problemi var ki, bu da həlledici ola bilər. Söhbət ələ düşən imkanlardan yararlana bilməməkdir. “Qarabağ”ın Londonda qol imkanları olacaq. Onlardan maksimum yararlana bilsə, İngiltərədən xal və ya xallarla qayıtmaq mümkündür. “Tottenhem” kimi komandalar yaratdıqları imkanlardan maksimum yararlanır, rəqib səhvini bağışlamırlar. “Qarabağ”ın da qol şanslarından necə yararlanacağı həlledici amil olacaq. Ümid edək ki, bu dəfə “köhlən atlar”ın futbolçuları daha sərrast olacaqlar. Belə olsa, Londonda həmin gecə sükut olacaq”, – deyə o bildirib.
N.Muxtarlı komandamıza qarşı olan hakim ədalətsizliyi və oyuna fransız hakimin təyin olunmasından da söz açıb.
“Avropada hakim ədalətsizliyi təkcə “Qarabağ”a qarşı olmur. FİFA və UEFA korrupsiyalaşımış qurumlardır. Bu təşkilatları yalnız pul maraqlandır, daim böyük klubların yığmaların mənafeyini qoruyurlar. Böyük klublar, böyük yığmalar isə bahalı bilet, bahalı yayım deməkdir.
Ona görə də, böyük klublarla oyunda daim kiçiklər əziyyət çəkir. Təbii ki. “Tottenhem”lə oyunda hakimlərin meydan sahiblərinə simpatiya bəsləyəcəyi şəksizdir. Amma fransız hakimlərin məhz buna görə “Qarabağ”ın oyununa təyin edildiyini düşünmürəm. UEFA istəsə, bunu fransız yox, türk hakimlərin də əli ilə edə bilər. Üstəlik, fransızların “Qarabağ”a qarşı ifrat ədalətsiz davranacağını da düşünmürəm. Bilirsiniz, Fransa hökuməti ermənipərəstdir. Yəni hazırda öz maraqları naminə ermənipərəstdirlər, ermənilərdən vasitə kimi istifadə edirlər. Amma deyək, fransızların da belə olduğunu iddia etmək olmaz. Bəlkə də, fransızların 70 faizi Ermənistan adlı dövlətdən bixəbərdir, o cümlədən “Qarabağ”ın oyununa təyinat alan hakimlər də.
Ancaq bu hakimlər UEFA-nın yazılmamış qaydasına əməl edəcəklər, meydan sahiblərinə simpatiya bəsləyəcəklər. Oxşar qayda pozuntusuna görə “”Qarabağ”ın oyunçusuna sarı və ya qırımızı vərəqə göstərilə, “Tottenhem”in futbolçuları isə bağışlana bilər. “Qarabağ” bütün bu ehtimalları nəzərə almalıdır. Komanda üzvləri maksimum nizam-intizamlı olmalıdırlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az