Qarşıdakı 10 ildə bizi nə gözləyir: Dünyanı gözləyən TƏHLÜKƏLƏR…
Ulduzlara baxaraq gələcəyi öyrənməyə çalışılan dövrlərdən, kristal kürələr vasitəsilə fal açılan çağlardan tutmuş bu günün böyük tədqiqat mərkəzlərinə qədər insanlığın gələcəyi proqnozlaşdırmaq və qarşıda nə olduğunu anlamaq istəyi dəyişmədən davam edir.
Yenicag.az xəbər verir ki, bu ilin əvvəlində 1961-ci ildə yaradılmış və ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu, qeyri-kommersiya tədqiqat qurumu olan Atlantik Şurasının tərkibində fəaliyyət göstərən Skoukroft Strategiya Mərkəzi dünyanın aparıcı geosiyasi ekspertlərinin iştirakı ilə yaxın on ildə dünyanın sərhədlərinin, simasının və əsas xüsusiyyətlərinin necə dəyişə biləcəyini müəyyənləşdirməyə çalışıb.
Araşdırma çərçivəsində keçirilən sorğuda dünyanın 72 ölkəsindən 447 nəfər iştirak edib. Sorğunun ən diqqətçəkən və eyni zamanda narahatlıq doğuran nəticəsi isə iştirakçıların 63 faizinin 2036-cı ildə dünyanın indiki vəziyyətdən daha pis durumda olacağına inanmasıdır. Yalnız 37 faiz iştirakçı bunun əksini düşünür.
Sorğuda müzakirə olunan əsas mövzular
Araşdırmada müzakirə edilən mövzular əsasən bu gün dünya gündəmini müəyyən edən məsələlərdən ibarət idi. Bu mövzuların başında isə insanabənzər süni intellekt dayanır. Bir çox mütəxəssis müasir həyatın bir çox sahəsində rahatlıq yaratsa da, süni intellektin gələcəkdə insanlıq üçün ciddi təhlükə yarada biləcəyini düşünür.
ABŞ-ın keçmiş Ağ Ev texnologiya məsləhətçisi Tess DeBlanc-Knowles hesab edir ki, süni intellektin on il ərzində insan səviyyəsinə yaxın qabiliyyətlər qazanması ehtimalı nəzərə alınarsa, ümumi süni intellekt istiqamətində düzgün yolda olub-olmadığımız hələ də tam aydın deyil.
Sorğuda iştirakçılara verilən növbəti ənənəvi sual isə belə olub: bu sahədə dünyaya kim liderlik edəcək?
Çin üzrə ekspert Dexter Tiff Roberts-in sözlərinə görə, sorğu iştirakçılarının əksəriyyəti Çin iqtisadiyyatının gələcəkdə ABŞ iqtisadiyyatını geridə qoyacağına inanır.
Respondentlərin böyük hissəsi hesab edir ki, 2036-cı ildə ABŞ artıq qlobal hegemon güc olmayacaq. Sorğuda iştirak edənlərin cəmi 7 faizi ABŞ-ın həmin mövqeni qoruyacağını düşünür. Əksəriyyət isə qlobal hegemon gücün Çin olacağı qənaətindədir.
Tayvan məsələsi və mümkün qarşıdurma
Çindən danışarkən Vaşinqton ilə Pekin arasında xüsusilə Tayvan məsələsi ətrafında yaranan gərginlik qaçılmaz şəkildə gündəmə gəlir. Bu məsələ hərbi qarşıdurma ehtimalını da artıran ən həssas nöqtələrdən biri kimi qiymətləndirilir.
Sorğuda iştirak edənlərin 70 faizi hesab edir ki, Çin növbəti on il ərzində Tayvanı zor gücü ilə geri qaytarmağa cəhd göstərə bilər. Müqayisə üçün qeyd olunur ki, bu göstərici ötən il 65 faiz, iki il əvvəl isə 50 faiz idi. Bu isə belə bir ssenarinin getdikcə daha real hesab edildiyini göstərir.
Ekspertlər hesab edir ki, Tayvan ətrafında yaranacaq hərbi qarşıdurma Sakit okean regionunda genişmiqyaslı münaqişələrə səbəb ola və hətta qlobal səviyyədə ciddi böhranın qığılcımına çevrilə bilər.
NATO-nun gələcəyi ilə bağlı suallar
Sorğuda NATO-nun gələcəyi də əsas müzakirə mövzularından biri olub. İttifaqın son illərdə üzləşdiyi müxtəlif siyasi və hərbi çətinliklər fonunda onun davamlılığının necə olacağı sual altındadır.
ABŞ-ın keçmiş müdafiə nazirinin Avropa və NATO məsələləri üzrə müavini olmuş hərbi ekspert İan Bjezinskinin fikrincə, NATO Vaşinqton olmadan effektiv fəaliyyət göstərə bilməz.
Sorğu iştirakçılarının təxminən 44 faizi hesab edir ki, 2036-cı ilə qədər NATO indiki formasında qalmayacaq. Bu fikirdə olanların yarıdan çoxu isə hesab edir ki, yenidən formalaşdırılmış NATO hazırkı ittifaqdan daha zəif və daha az təsirli olacaq.
Bu nəticə ABŞ-ın gələcəkdə NATO-dakı rolunun dəyişməsi ilə də əlaqələndirilir. Sorğuda iştirak edənlərin 39 faizi hesab edir ki, ABŞ 2036-cı ilə qədər alyansdakı ənənəvi lider rolunu artıq qoruyub saxlamaya bilər.
Rusiya–Ukrayna müharibəsinin gələcəyi
Sorğuda diqqət mərkəzində olan mövzulardan biri də artıq beşinci ilinə daxil olan Rusiya–Ukrayna müharibəsinin gələcəyi olub.
Respondentlərin əksəriyyəti hesab edir ki, müharibə əsasən Rusiyanın xeyrinə nəticələnəcək və nəticədə uzunmüddətli “dondurulmuş münaqişə” vəziyyətinə keçəcək.
ABŞ diplomatı və Rusiya üzrə mütəxəssis Con Hirst isə hesab edir ki, Moskva ilə Kiyev arasında davamlı sülhə aparan yeganə yol Vladimir Putinə ciddi beynəlxalq təzyiq göstərilməsidir.
Araşdırmaya görə, gələcəkdə Rusiya qlobal miqyasda ikinci dərəcəli gücə çevrilə bilər. Lakin bu, Moskvanın Ukrayna üçün yaratdığı təhlükənin azalacağı anlamına gəlmir.
Gələcəyin mümkün riskləri
Sorğu həmçinin gələcək dünya ilə bağlı bir sıra ciddi risklərə də diqqət çəkir. Bu risklər arasında nüvə silahlarının yayılması, su resursları uğrunda müharibələr, qlobal istiləşmənin kritik hədləri keçməsi və iqlim məsələlərində beynəlxalq əməkdaşlığın zəifləməsi yer alır.
Ekspertlər eyni zamanda beynəlxalq təşkilatların təsirinin azalması, qlobal demokratiyanın zəifləməsi, ABŞ dollarının hələ də əsas ehtiyat valyutası kimi qalması, kriptovalyutaların yüksəlişi və inkişaf etməkdə olan ölkələrdə gələcək barədə narahatlıqların davam etməsi kimi tendensiyalara da diqqət çəkirlər.
Bütün bu proqnozlar fonunda əsas sual isə dəyişməz qalır: qarşıdakı on ildə bəşəriyyəti necə bir dünya gözləyir?
Amir Aqiloğlu













