Qazax rayonunda əkin sahəsində top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, martın 2-də 15:27-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü, 55 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 02 mart 2019-cu il tarixlərində 46 siqnal (əməliyyat çağırışı) əsasında 38 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 900 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 37,215 kv.m ərazi yerüstü və 5,667 kv.m ərazi yeraltı yoxlanılıb.
www.yenicag.az