“Azərbaycanın hər uğuru Orta Asiya respublikalarını növbəti dəfə bizimlə daha yaxın münasibət qurmağa sövq edəcək”.
Bu fikirləri Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra türk dövlətlərinin rəsmi Bakı ilə münasibətlərinin müttəfiqlik səviyyəsinə daşımasına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri qeyd edib ki, türk respublikaları Türk Dövlətləri Təşkilatının önəmini anlayaraq münasibətləri daha da möhkəmləndirməyə çalışırlar:
“Qarabağ məsələsini bu konteksdə dəyərləndirmək mühümdür, yəni bunun təsiri ciddi şəkilə ortadadır. Orta Asiya respublikalarında da gördülər ki, türk respublikaları birlikdə davrananda uğurlar əldə olunur. Xüsusən Türkiyə ilə münasibətlər sistemi Azərbaycanın uğurunun təməllərindən biri idi. Onlar bunu görürlər və hesab edirlər ki, bütün türk cümhuriyyətləri Türk Dövlətləri Təşkilatında artıq daha sıx inteqrasiya olunmalıdır.
Qazaxıstanda baş verən hadisələr, KTMT-nin münasibəti, Rusiyanın Qazaxıstana ərazi iddiaları, tarixinə ironiya ilə yanaşması Orta Asiya respublikalarında müəyyən kataklizmlərin rüşeymlərini yenidən alovlandırmaq cəhdləri – bunlar onu göstərdi ki, türklər artıq başa düşüblər ki, yeni dünya düzəni, yeni siyasi konstruksiya formalaşır. Yeni mərkəzlər, birliklər yaranacaq. Çox ciddi perspektivi olan bu birliklərdən biri də Türk Dövlətləri Təşkilatıdır. Əlbəttə, onun üzvü olan Türkiyə artıq dünya gücünə çevrilib. Ərdoğanla BMT Baş katibinin Lvova birlikdə getməsi o deməkdir ki, cənab Ərdoğanın dediyi kimi, dünya beşdən ibarət deyil, Türkiyə kimi nəhəng dövlət var. Dünyanı narahat edən böhranı da Türkiyə ilə BMT birlikdə həll etməkdə iddialıdır”.
Fərəc Quliyev vurğulayıb ki, Azərbaycanın hər uğuru Orta Asiya respublikalarını ölkəmizlə daha yaxın münasibət qurmağa sövq edəcək:
“Vətən müharibəsində söhbət yalnız Ermənistandan getmirdi, Ermənistanın arxasında böyük güclər dayanırdı. Azərbaycan qarşı tərəfdə dayananların hamısına qalib gəldi. Qeyd etdiyiniz kimi, Azərbaycanın Qarabağ zəfəri Qazaxıstan daxil olmaqla, türk respublikalarında o fikri yaratdı ki, Türkiyə kimi Azərbaycan da çox böyük gücdür. Artıq qərb-şərq istiqamətində olan ana yol ki var, o, siyasi-iqtisadi məsələləri özündə ehtiva edən gələcəyin strategiyasının müəyyənləşməsi yoludur. Ona görə də Qazaxıstan öz gələcəyini müəyyənləşdirmək üçün, əlbəttə ki, Azərbaycanla Türkiyə səviyyəsində ciddi münasibətlər qurmaqda maraqlıdır.
Hesab edirəm ki, Azərbaycanın hər uğuru Orta Asiya respublikalarını növbəti dəfə bizimlə daha yaxın münasibət qurmağa sövq edəcək”.
Aqil Bəkir
www.yenicag.az