Fransanın “Le Figaro” qəzeti öz saytından Böyük Britaniya və Fransanın Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verdiyini iddia edən materialın bir hissəsini çıxarıb.
Yenicag.az xəbər verir ki, ümumilikdə, məqalə ABŞ-nin Ukraynaya Rusiyanın Kursk bölgəsindəki hədəflərə qarşı ATACMS raketlərindən istifadə etməyə icazə verdiyinə həsr olunmuşdu.
Eyni zamanda, “Le Figaro”, “The New York Times” və “Agence France-Presse” məlumatlarına istinad edib.
Məqalədə Böyük Britaniya və Fransa tərəfindən verilən SCALP və Storm Shadow raketlərindən istifadə edərək zərbələr üçün icazə haqqında məlumatın yer aldığı bir parça var idi. Lakin bir neçə saat sonra materialın bu hissəsi qəzetin saytından çıxarılıb.
Xatırladaq ki, dünən “The New York Times” qəzetinin məqaləsində ABŞ-nin hazırkı prezidenti Co Baydenin Rusiya Federasiyasına zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verdiyi bildirilib. Bu, tez bir zamanda digər Qərb nəşrlərinə yayılıb.
Qeyd edək ki, Ağ Ev hələlik rəsmi açıqlama verməyib./unikal
www.yenicag.az