Qərbi Kaspi Universiteti jurnalistlər üçün mətbuat konfransı keçirib - FOTO
“Bu hadisə təkcə Qərbi Kaspi Universitetinin deyil, həm də daha geniş akademik ictimaiyyətin qlobal elmi məkanla inteqrasiyası və tanınması istiqamətində mühüm bir mərhələni təmsil edir.”
Yenicag.az xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov deyib.
O, universitetin media nümayəndələri üçün təşkil etdiyi mətbuat konfransında Qərbi Kaspi Universitetinin tədqiqat materiallarını nümayiş etdirib, istər elmi, istərsə də digər sahələrdə qazanılan nailiyyətlərlə bağlı məlumat verib.
Professor qeyd edib ki, QKU-da həm əyani, həm də qiyabi olaraq təhsil alan 5000-ə yaxın tələbə var. Onlar 63 ixtisas üzrə təhsillərini davam etdirirlər. Eyni zamanda universitetin müəllim heyətinin 72 elmlər doktoru və professor, 42 nəfər isə dosent olmaqla 275 nəfərdən ibarət olduğunu diqqətə çatdırıb.
Həmçinin bildirilib ki, universitetin istər infrastruktur, istər texniki bazanın möhkəmləndirilməsi, istərsə də tədris metodikası baxımından müasir dünyanın standartlarına cavab verməsi üçün mütəmadi olaraq addımlar atılır.
Əlavə olaraq, universitetin tərkibində International Center for Materials Sciences and Technology, Life Sciences Resource Center, Economic Research Center, Gender Research Center, Mountain Biodiversity, Landscape, and Culture Research Institute, Western Caspian University Coordination Council for Scientific and Educational Cooperation with Asian Universities ixtisaslaşmış Tədqiqat Mərkəzlərinin fəaliyyət göstərdiyi qeyd edilib.
Eyni zamanda, Qərbi Kaspi Universitetinin Genetika və Molekulyar Biologiya laboratoriyası, Ekoloji və Biomüxtəliflik Tədqiqatlar laboratoriyası, Dizayn Emalatxanası, Meşə Artımının Təhlili və Dendroxronologiya laboratoriyası, Fizika və Elektronika laboratoriyası, Hidrobiologiya laboratoriyası, Kimya və Ətraf Mühitin Monitorinqi laboratoriyası, Smart Materialların İstehsalı laboratoriyası, Mexanika və Robototexnika Mühəndisliyi laboratoriyası və digər laboratoriyalar fəaliyyət göstərir. Vurğulanıb ki, QKU elektronlaşma baxımından adam başına ən çox kompüter düşən universitetdir.
Verilən məlumata görə, QKU-nun texnoparkında XSERON süni intellekt modulu hazırlanıb. Bundan əlavə, universitetin məzunlarından ibarət “DEC” komandası, “TEKNOFEST Azərbaycan–2023” aerokosmik və texnologiya festivalında “Sosial Yönümlü Texnologiyalar” müsabiqəsinin qalibi olub. Həmçinin, 2022-ci ilin dekabrında Qərbi Kaspi Universitetinin komandası “Product Owner’s Marathon” yarışmasında qalib gəlib. Eyni zamanda, QKU “Qarabağ GreenTech” hakatonunun qalibləri sırasında yer alıb. Bundan əlavə, “STEAM Azərbaycan Festivalı 2022” çərçivəsində universitetin iki komandası I yerə, bir komanda II yerə, Qərbi Kaspi Universiteti Məktəbinin komandası isə I yerə layiq görülüb.
Təqdimat zamanı qeyd edilib ki, QKU-nun ev sahibliyi etdiyi beynəlxalq konfrans materialları SCOPUS kimi nüfuzlu beynəlxalq elmi bazada indeksləşdirilib. Məsələn, QKU-nun ev sahibliyi etdiyi “Dağlar: Biomüxtəliflik, Landşaft və Mədəniyyətlər” mövzusunda II Beynəlxalq Konfrans nüfuzlu beynəlxalq elmi baza olan SCOPUS sistemində indekslənib. Bu hadisə təkcə QKU-nun deyil, həm də daha geniş akademik ictimaiyyətin qlobal elmi məkanla inteqrasiyası və tanınması istiqamətində mühüm bir mərhələni təmsil edir.
Bildirilib ki, QKU 12 elmi jurnal buraxmağa başlayıb. Onların ikisi 30 ildən çoxdur buraxılır. Azərbaycanda cəmi iki konfrans SCOPUS-a düşüb. Biri elmi, biri də dağlarla bağlı konfransdır. Bu ilin sonu, gələn ilin yanvarına qədər 12 jurnalın hər biri işıq üzü görəcək. Jurnallar açıq, yəni ödənişsiz olacaq. Yeri gəlmişkən, Amerika Universitetlər və Kolleclər Assosiyasiyasının keçirdiyi “Davamlı Kampus” müsabiqəsində Azərbaycan universitetləri arasında QKU 1-ci yerə çıxıb. Ümumilikdə müsabiqəyə 19 ölkə qoşulub. Bu ölkələrin arasında isə QKU 11-ci yerə çıxıb.
Yenicag.az