“750 min üzvün texniki baxımdan yoxlanılması şübhə altındadır”.
Bu sözləri siyasi partiyaların qeydiyyatı, qeydiyyatla bağlı bəz partiyalara “yox” cavabı və prosesin gedişini şərh edən AĞ Partiya sdəri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Tural Abbaslı bildirib ki, Ədliyyə Nazirliyi şəffaf iş aparmalıdır:
“Qanun qəbul olunanda hamımız bilirdik ki, şərtlər ağırdır. İctimai müzakirələr zamanı qanunun bəzi maddələrinə etiraz etmişdik. Etiraz olunan bəndlərdən biri də insanların şəxsi məlumatlarının, telefonlarının verilməsi idi.
Heç kimə sirr deyil ki, insanlar siyasi fəaliyyətlə məşğul olmaqdan çəkinirlər. Qanun qəbul olundu, konkret müddət göstərildi, seçim yoxdur. Ya qanunun tələblərinə riayət etməlisən, ya da partiyanın fəaliyyəti dayandırılacaq. Odur ki, fəaliyyətini dayandırmayan bütün partiyalar Ədliyyə Nazirliyinə öz siyahılarını təqdim ediblər. Hərə bir sayda təqdim edib.
Biz ümumi siyahının hamısını təqdim etmişik. Qanunda göstərilir ki, partiya üzvlərinin hamısının reyester məlumatları Ədliyyə Nazirliyinə təqdim olunmalıdır.
Artıq 5-ci gündür ki, AĞ Partiya üzvlərinə zənglər gəlir. 14-15 nömrədən zənglər olur. Üzvlərdən məlumatlar dəqiqləşdirilir, müxtəlif suallar verirlər.
Cavab verilən partiyalar haqqında rəqəmlər var ortalıqda. Deyə bilmərəm rəqəmlər nə qədər doğrudur, yanlışdır. Onlara münasibət bildirmək doğru deyil. Çünki partiyaların özləri etiraz bildirib.
Ədliyyə Nazirliyi metodikanı izah etməlidir. Düşünürəm ki, şəffaf iş aparılmalıdır. Üç partiyaya etiraz gəlib, Yeni Azərbaycan Partiyasının 750 min üzvlə qeydiyyatdan keçməsi barədə məlumat yayılıb. 750 min üzvün texniki baxımdan yoxlanılması şübhə altındadır. İmtina gələn partiyalara 1 ay vaxt verilir. Proseslərin sonunu gözləməliyik”.
Səxavət Məmməd
www.yenicag.az