“QHT sektorunun köklü şəkildə ələkdən keçirilməsi lazımdır”-Səbuhi Abbasov

media-hightechnic-468x90

sebuhiYenicag.az-ın bu dəfəki müsahibi zərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovdur. 

– Səbuhi bəy, bu ili ölkəmiz üçün necə dəyərləndirirsiniz?

– Əgər məsələyə geosiyasi olaraq yanaşırsınızsa elə hesab edirəm ki, çox uğurlu oldu. Çünki həm qonşu dövlətlər də, həm də dünyada gedən gərgin, anlaşılmaz siyasi gedişatlara baxmayaraq ölkəmizdə iqtisadi və siyasi sabitliyin olması ən böyük uğurumuzdur. Lakin QHT sədri kimi bir məqamı xüsusi olaraq vurğulamalıyam. Əvvəla, regionların sosial-iqtisadi inkişaf konsepsiyası uğurla davam etdirildi. Bundan başqa bir neçə beynəlxalq tədbirlər, forumlar həyata keçirildi. Bu da öz növbəsində ölkəmizin beynəlxalq imicinə təsir edən əsas faktorlardan biridir. Bundan başqa Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişlər oldu. Bu il Azərbaycan ordusu Ermənistana öz hərbi potensialını, gücünü göstərdi.

– Bəs ASGA üçün neçə keçdi?

– Öz fəaliyyət sahəmizə gəldikdə isə onu xüsusi olaraq vurğulamalıyam ki, 8 illik fəaliyyətimizdə ən böyük uğurları məhz 2014-cü ildə qazandıq. Belə ki, ASGA-nın Rusiya, Ukrayna və Polşa nümayəndəliyi fəaliyyətə başladı. Buda bizim təşkilatın yerli səviyyədən beynəlxalq arenaya inteqrasiyası deməkdir. Əlavə olaraq qeyd edim ki, 3 beynəlxalq və 4 yerli layihə reallaşdırdıq. Bu çox önəmli bir məqamdır. Digər tərəfdən ASGA-nın yeni AzSlav.org rəsmi internet səhifəsi istifadəyə verildi. Layihə və qarşıya qoyduğumuz hədəflərin coğrafiyası çox genişdi. Düşünürəm növbəti ildə bütün planlarımızı reallaşdıracağıq. Bu mənada ilk layihəmiz artıq Gənclər Fondu tərəfindən müsbət qiymətləndirildi. Öz növbəmdə Fondun rəhbərliyinə və kollektivinə göstərilən etimada görə təşəkkür edirəm.

– Davamlı olaraq, slavyan ölkələrində tədbir keçirirsiniz. Adətən, QHT dedikdə bizdə daha çox Amerika və Qərbi Avropa ilə işləyənlər nəzərdə tutulur. Sizə də qəribə gəlmirmi?

– İnanın 2006-cı ildə mən bu QHT-ni yaradanda ən çox bu sual verilirdi. Və yaxud məsələ başqa cür qoyulurdu. Kimisi bu təşkilatın perspektivinin olmayacağını israr edirdisə, digər bir qism isə Qərbi Avropa və ABŞ yönümlü QHT-nin yaradılmasını təklif edirdi. Lakin o zaman mən çox gözəl dərk edirdim ki, bəzilərinin “lazımsız” bildiyi slavyan ölkələri əslində ən strateji tərəfdaşlarımızdırlar. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da görüşümüz əsnasında Slavyan ölkələri ilə əməkdaşlığın vacib olduğunu xüsusi olaraq vurğuladı. Əslində Rusiyada 2 milyondan çox azərbaycanlının, eləcə də digər Slavyan ölkələrində milyonlarla soydaşımızın yaşadığını, çalışdığını nəzərə alsaq məsələnin aktuallığını da bir o qədər dərk etmiş oluruq. Bu mənada mən hesab edirəm ki, Slavyan ölkələrinin gənclərini “AZƏRBAYCANIN DOSTU” etməyi bacaracağıq.

– 2015-ci ilə hansı proyektlərinizlə gedirsiniz?

– 2015-ci ilə nəzərdə tutduğumuz layihələrdən biri artıq Gənclər Fondu tərəfindən dəstəkləndi. “Gənc jurnalistlərin internet təhlükəsizliyi Forumu” adlı layihə birmənalı şəkildə internet mediada çalışan həmkarlarımızın ölkəmizin bir çox məsələlərdə milli maraqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edəcəyindən zərrə qədər də şübhəm yoxdur. Çünki layihə çərçiəsində gənc jurnalistlərə ölkənin ən nüfüzlü media kapitanlarının master klassı nəzərdə tutulub. Bu mənada mən bir daha Gənclər Fonduna və layihənin koordinatorluğunu öz üzərinə göterən tanınmış tv jurnalist Anar Yusifoğluna ASGA İdarə Heyəti tərəfindən öz minnətdarlığımı bildirirəm. Bundan başqa biz “Azərbaycan-Slavyan Gənclərinin I Humanitar Forumu”nu, “Azərbaycan-Slavyan Gənclərinin Sağlamlıq Forumu”nu və “Azərbaycan-Slavyan gənclərinin dini vahidliyi” adlı beynəlxalq layihələri reallaşdırmaq niyyətindəyik. Tam səmimi deyirəm, bu gün bizim təşkilata çox böyük tələbat yaranıb. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bizim bir çox məsələlərdə çətinliyimiz var. Bura əsasən maddi-texniki bazanın zəif olmasını aid etmək olar. İşin tam sistemli həyata keçirilməsi üçün hökmən geniş ofis imkanlarımız olmalıdır. Hətta hər bir slavyan ölkəsinin güşəsinin olması milli-mədəni fikir mübadiləsi, layihələrin həyata keçirilməsinin effektivliyi baxımından çox böyük əhəmiyyətə malikdir. Bu mənada mən dövlətimizin, Gənclər və İdman Nazirliyinin və digər aidiyyatı qurumların dəstəyinə böyük ümid bəsləyirəm.

– Sizcə də QHT sektorunun bir az ələydən keçməsi lazım deyilmi?

– Bir az yox məncə bunu köklü şəkildə etmək lazımdır. Və düşünürəmki, bu proses artıq başlayıb. Dövlətimiz, cənab Prezident QHT-lərin ölkədəki fəaliyyətinə çox həssas yanaşır və onların faydalı və səmərəli fəaliyyəti üçün bütün lazımi şəraiti yaradıb. Görünür bəzi QHT-lər bir neçə il ərzində milli maraqları qranta satmaq kimi niyyətlərindən əl çəkmək fikirləri yox idi. Bu məsələdə biz birmənalı şəkildə dövlətin mövqeyini dəstəkləyirik. Çünki bəzi anti-azərbaycan maraqlarına xidmət edən təşkilatlardan qidalanmaq yolverilməzdi.

– Gənclər sektorunun indiki halından məmnunsunuzmu?

– Məsələyə mən praqmatik yanaşmaq istəyirəm. Əslində çox maraqlı bir tendensiya var. Dövlət gənclərin müxtəlif istiqamətlərdə təşəbbüslərinin dəstəklənməsi üçün bütün mümkün imkanları yaradıb. Bircə onu demək kifayətdir ki, 6 müxtəlif istiqamətli Fondlar yaradılıb. Bu dünya üçün bir “Gənclər siyasəti modelidir”. Lakin bizdə problem bir başqadır. Belə ki, bir neçə QHT-ni çıxmaq şərti ilə böyük əksəriyyəti dünyada sürətlə gedən innovativ imkanlara malik deyillər. İstər xarici dil bilikləri, istər informasiya texnologiyaları ilə davranış demək olar ki, yox səviyyəsindədir. Buda təbii ki, bəzi məqamlarda QHT-nin səmərəli fəaliyyətini sual altında qoymuş olur. Digər bir vacib məqam isə gənclərin, xüsusən də gənc ailələrin mənzil və ofis problemi ilə bağlıdır. Hesab edirəm ki, bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır. Dövlətin milli maraqlarına xidmətedən QHT-lərin məişət problemlərinin həlli prioritet olaraq qalmalıdır.

– Həm də sayt rəhbərisiniz. Həm QHT işi, həm də sayt işlətmək bir arada çətin deyil ki?

– Bəli, mən XEBER1.AZ, OBZORaz.com və 1az.info xəbər saytlarının rəhbəriyəm. Bunlardan biri azərbaycan, biri rus, digəri isə ingilis dilində fəaliyyət göstərir. Ümumiyyətlə mən 2004-cü ildən mediadayam. Bir müddət isə Bakı Slavyan Universitetində Jurnalistika şöbəsinin müdiri olmuşam. Həmin dövrdə “Qlobal problemlərin həllində jurnalistikanın rolu” mövzusunda pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hesab edirəm ki, QHT-Media fəaliyyəti paralel olaraq aparılmalıdır. Bu çox vacib məsələdir. Lakin qeyd etdiyim kimi biz bütün bu layihələri öz daxili hesablarımıza reallaşdırırıq. Dəstəyimiz olsa işimizin həcmi və keyfiyyəti daha da artar.

– Media ilə bağlı problemlərdən nə deyə bilərsiniz?

– Media ilə bağlı problemlər sırf qeyri-peşəkarlıqdan qaynaqlanır. Bu problemlər özünü ən çox regionlarımızda göstərir. Çox utancverici məqamdır, amma bir idarəsinin qarşısında 5-10 “jurnalistin” 5 manat alaraq öz missiyasını başa vurması bütövlükdə jurnalitikamız üçün ləkədir. Bu sahədə Mətbuat Şurası ciddi addımlar atmaqdadır. İnanıram ki, o addımların bir faydası olacaqdır.

Kamran ƏDALƏTOĞLU

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600