Tanınmış aktyorun ümidi NAZİRƏDİR: “İnanıram ki...”
“Bilmirəm, mədəniyyət nazirimizə məndən nə deyiblər, nə deməyiblər. Amma ümid edirəm ki, mənimlə maraqlanacaq və işlə bağlı problemimi həll edəcək”.
Bunu tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.
O, işlə təmin olunması üçün mədəniyyət nazirinə ümid bəslədiyini bildirib:
“Nazir təyin olunanda Adil müəllim mənimlə əlaqə saxladı, hal-əhval tutdu, ürəyim dağa döndü. Sonra bayramda mənə hədiyyə də göndərdi. Bilmirəm, mədəniyyət nazirimizə məndən nə deyiblər, nə deməyiblər. Amma ümid edirəm, mənimlə maraqlanacaq və inanıram ki, işlə bağlı problemimi həll edəcək”.
Sənətçi kinodan, teatrdan uzaq olduğu üçün özünü ev dustaqlığında hiss etdiyini bildirib:
“Bu yaxınlarda eşitdim ki, büdcədən kinomuza vəsait ayrılmayıb. Çox məyus oldum. Bizim elə kinolarımız, tamaşalarımız var ki, hər biri bir tarixdir. Xahiş edirəm, büdcədən Azərbaycan kinosunun inkişafına da pul ayırsınlar ki, biz aktyorlar da gedək çəkilək. Yoxsa ki, Xalq artisti, əziz həmkarım Valeh Kərimov demişkən, evdə oturmaqdan özümüzü ev dustaqlığında hiss edirik. Akytor o zaman mənəvi cəhətdən ölür ki, o nə səhnədədir, nə də çəkiliş meydançasında. Bizi yaşadan sənətdir. Sənətdən uzaqda məhv olub gedirik”.
Cəvahir












