AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur profilində yayımladığı yazının özünə məxsus olduğunu videogörüntü ilə təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl canlı yayıma çıxan Selcan Yağmur atası haqda yazılanların müəllifinin özü olduğunu qeyd edib: “İddialar var ki, profilim oğurlanıb, yalandır. Hamısını özüm yazmışam, heç bir təzyiq-filan da olmayıb, sırf şəxsi qərarımdır. Hətta yazını bir neçə dəfə yazıb pozub sonra yazıb yayımlamışam”.
Qeyd edək ki, Selcan Yağmur bu gün atasının ailədə şiddət sərgiləməsinə etiraz əlaməti olaraq ondan imtina etdiyini bəyan edib. F.Qəhrəmanlı isə qızının profilinin oğurlandığını, bəyanatı başqasının yazdığını bildirib./AFN/
*** 15:59
Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atası barədə sensasiyalı bəyanatla çıxış edib.
Yenicag.az xəbər verir ki, “Facebook” səhifəsində insanların başına gəlmiş təcavüz, qısnama, zorakılıq anlarını paylaşdığı #Mən də (#MeToo) kampaniyasına qoşulan gənc aktivist Selcan yazıda atasının onun və anasının başına gətirdiklərini, siyasi lider və aktivistlərin onlara dəstək olmamasını qeyd edib və atasından imtina etdiyini vurğulayıb:
“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. İçində böyüdüyüm qorxulu bir ailədə böyümək, insanın içinə tarif olunmaz duyğular yükləyir. Bir də onu bilirəm ki, bu yazıya görə hətta, proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”, çünki, atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb filan.
Məncə, Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta, qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındıran, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox.
Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var.Sadəcə bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağıl almaz və kreativ dozu; anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, “Facebookda mənimlə şəkil yayın” deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası… – bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir.
Bütün bunlar sirr deyil əslində. Qulaqdan dolma nə qədər adam bilir “ailəmizdə” olanları. Anamdan qırx dəfə qolundakı, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik “qapıya dəymişəm” cavabını 3-cü dəfədən artıq eşidəndə mövzunun nə olduğunu anlayıblar. Hətta, bəziləri direkt mövzunun içində olub. Səadət Cahangir kimiləri və onlar da anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixolojik xəstəyə qədər çıxarıblar.
Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa psixolojik gücümün yetmədiyi o yaranı görəndə “sən də az deyilsən də Zümrüd, dilinə yiyə dur” kimi bir şey dediyini özü də danmaz.
Hətta, Əli Kərimli ailə psixoloqluğuna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?”. Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, “az çörəyini verir? Sus otur da”.
Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı sağ yanında saxlayır. Bunu başa düşdüm, kadr yoxdur. Amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”. Qalan üzvlər də anama necə “yaxşı at özünə qamçı vurdurmaz”ı öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar. Hələ hələ bütün bunları bilən adamlar niyə uşaqlar “Yağmur” soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, “hamı deyir ki, o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır valla.
Uzun sözün qısası, 2009-dan bəri bu cür tükürpərdən bir durumun içindəyik. Hər gün hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər… Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, “uşaqları səndən alacam” mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq.
Amma bütün bunlardan əvvəl açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm.
Qan bağları primal, heyvani şeylərdir. Başqasında bağışlamayacağım şeyi sırf eyni müqəddəs qana filan sahibik deyə öz atamda bağışlayacaq deyiləm. Bəlkə də “tipik şərq ailəsi” dozundakı zorakılıq, şəxsi travmam olaraq qalardı. Amma bu, fərqlidir. Hər şey ola bilər, amma ailəsinə şiddət tətbiq edən, qızının dizini sındırıb sonra “anan danışmasaydı, mən belə əsəbi olmazdım” deyə heç bir şəkildə peşmançılıq yaşamayan, hələ ailəsindən kənarda necə iyrənc əməllərə imza atmış bir adamın adı mənim adımın üzərində ola bilməz. “Fuad Qəhrəmanlının qızı” kimi anılmaq istəmirəm, dirəşib məni “Qəhrəmanlı” çağırmalarını da istəmirəm”.
S. Yağmur statusda adı çəkilən, ittiham irəli sürdüyü şəxs, AXCP üzvü Səadət Cahangirin rəyinə cavab da yazıb.
Sözügedən bəyanatdan sonra F. Qəhrəmanlı “Facebook”da status yazaraq qızının profilinin oğurlandığını qeyd edib: “Bildirirəm ki, onun adından nə yazılsa, ona aid deyil”.
Məlumatı dəqiqləşdirmək üçün Qafqazinfo Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurla əlaqə saxlayıb. Z.Yağmur məsələ barədə açıqlama verməyəcəyini bildirib:
“Əvvəllər zəng edib mənim nə yeyib içməyimlə maraqlanmamısınız. Məni bu problemlərlə rahatsız etməyin. Bundan əvvəl yazmışdım ki, romanım bitib. Niyə o zaman daha qlobal məsələlərlə maraqlanmadınız?! Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”.
Qeyd edək ki, Selcan Yağmur bir neçə gün əvvəl ali təhsil almaq üçün Niderlanda gedib.
www.yenicag.az