Qızıl dənizdə şok lazer HÜCUMU: Çin-Almaniya arasında YENİ GƏRGİNLİK
Almaniya ilə Çin arasında diplomatik gərginlik artmaqdadır. Səbəb isə Çin ordusuna aid bir qurğunun Avropa İttifaqının ASPIDES dəniz təhlükəsizliyi əməliyyatı çərçivəsində Qızıl dəniz üzərində hərəkət edən Almaniya hərbi təyyarəsinə lazerlə nişan almasıdır.
Yenicag.az xəbər verir ki, hadisə Berlinin dərhal reaksiya verməsinə səbəb olub.
Almaniya Çinin Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq bu hərəkəti kəskin şəkildə pisləyib. Nazirlik sosial şəbəkə üzərindən yayımladığı açıqlamada “alman heyətini riskə atmaq və əməliyyatı dayandırmaq tamamilə qəbuledilməzdir” ifadəsini işlədib.
Bu insident Çinin Avropadakı kritik infrastruktur və təhlükəsizlik məsələlərində artan nüfuzuna dair narahatlıqların gücləndiyi bir vaxta təsadüf edir.
Qeyd edək ki, ASPIDES əməliyyatı, Avropa İttifaqının ortaq müdafiə siyasəti çərçivəsində Qızıl dəniz, Hind Okeanı və Körfəz bölgəsində ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək və sərbəst seyr hüququnu qorumaq məqsədi daşıyır. Almaniya bu missiyaya 2024-cü ilin fevralından etibarən qoşulub və Almaniya Parlamenti missiya çərçivəsində ən çox 700 əsgərin iştirakına icazə verib.
Hazırda nə Çinin Almaniyadakı səfirliyi, nə Çin Xarici İşlər Nazirliyi, nə də Avropa Komissiyası hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Müşahidəçilər bu addımı Çinin beynəlxalq hüquq normalarına zidd və təhlükəli eskalasiya nümunəsi kimi dəyərləndirirlər. Gözləntilərə görə, məsələ yaxın günlərdə NATO və Aİ səviyyəsində də müzakirəyə çıxarıla bilər.
Məsimə Məmmədova