Müdafiə Nazirliyinin bir qrup əməkdaşı Qusarda doğulan üçəmlərin atası, hərbi qulluqçu Əmrulla Əmirəliyevin ailəsinə baş çəkib.
Yenicag.az xəbər verir ki, 10 ilə yaxındır silahlı qüvvələrin hərbçisi olan gizir Əmrulla Əmirəliyev ön cəbhədə, Murovdağ bölgəsində qulluq edir.
Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani körpələrin valideynlərini hərbçilər adından təbrik edib, onlara sağlam həyat arzulayıb. Bildirib ki, Əmrulla Əmirəliyev xidmətdə seçilən, nümunəvi hərbçilərdəndir. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısıdır. Ailə vəziyyəti ilə əlaqədar xidmətini doğma rayonuna yaxın hərbi hissələrin birində davam etdirmək təklif olunsa da, o, cəbhə bölgəsində qalmaq istədiyini bildirib.
Abdulla Qurbani qeyd edib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən hərbi qulluqçunun xidmət etdiyi bölgədə onun ailə-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırıq verilib. Ailəyə ev üçün zəruri məişət əşyaları və ləvazimatlar hədiyyə edilib.
Qusar Rayon Mərkəzi Xəstəxanasında keçirilən görüşdə üçəmlərin babası, Güləli və nənəsi Zalikə Əmirəliyevalar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Üçəmlər dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyevin doğum günündə dünyaya gəldiyindən oğlan uşağına İlham adı qoyulub. Qız uşaqlarına isə Fatimə və Zəhra adları verilib.
Gizir Əmrulla Əmirəliyev üçəm körpələrinin doğulmasını böyük sevinclə qarşıladığını bildirib: “Hər kəsə belə şad günlər arzulayıram. Çox sağ olsun komandirlərim ki, sevincli günümdə mənə ailəmin yanında olmaq üçün şərait yaratdılar”.
Qeyd edək ki, dekabrın 24-də Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlib. Bu, Şəhla Əmirəliyevanın ilk hamiləliyi olub.
www.yenicag.az