Qusarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 15 sürücü barəsində inzibati cəza tədbirləri görülüb.
Yenicag.az xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları tərəfindən Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsində təşkil olunub. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Quba, Qusar və Xaçmaz rayonları istiqamətində yerləşdiyindən yay aylarında hərəkətin intensivliyi xeyli artır.
Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində avtomobili sərxoş halda, eləcə də etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyənləşib.
Yol Patrul Xidməti əməkdaşları reyd zamanı saxladıqları sürücülərə dincəlmək, sərin su içmək təklif ediblər. Xüsusilə isti hava şəraitində uzaq yol gedənlərə yorğun və yuxulu halda avtomobil idarə etməmək tövsiyə olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II tağımının baş inspektoru Telman Mustafayev Azərtac-a bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanır. Bununla əlaqədar yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.
www.yenicag.az