Katolik Kilsəsinin lideri Papa Fransisk ABŞ-dakı katolik kilsələrində baş verən kütləvi təcavüz hallarına kəskin münasibət bildirib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Papa Fransisk bu hadisələrlə əlaqədar dünya katoliklərinə ünvanladığı məktubunda “kilsələrdə baş vermiş cinsi təcavüz vəhşəti”ni sərt şəkildə pisləyərək, bu halların qarşısının alınması üçün birgə mübarizəyə çağırıb.
Papanın dünyadakı 1 milyard 200 milyon katolikə ünvanladığı məktub mediada “Papa Fransiskdən Tanrı xalqına məktub” başlığı ilə yayımlanıb. Vatikan mənbələrinin bildirdiyinə görə, bu, Katolik Kilsəsi tarixində bir Papanın cinsi təcavüz halları ilə əlaqədar dindarlara məktub yazmasına dair ilk faktdır.
Papa bu məktubunda ötən həftə ABŞ-ın Pensilvaniya ştatındakı katolik kilsələrində baş vermiş davamlı təcavüz hallarını əks etdirən hesabata toxunub:
“Ötən günlərdə son 70 il ərzində rahiblərin cinsi təcavüzünün, öz imkan və ağıllarını pis işlərə sərf etmələrinin qurbanı olan azı 1000 nəfərin olduğu haqda bir hesabat açıqlandı. Sözügedən hadisələrin çoxu keçmişdə baş versə də, zaman keçdikcə bu halların qurbanı olmuş insanların yaşadıqları iztirablardan xəbərdar oluruq və bu yaraların hələ sağalmadığını görürük.
Bu vəhşiliyi kəskin şəkildə qınamağa və belə bir “ölüm mədəniyyəti”nin kökünün kəsilməsi üçün səylərimizi birləşdirməyə məcburuq – çünki bu yaraların nə zaman vurulduğu önəmli deyil. Bu hadisə qurbanlarının ərşə yüksələn və ürəkləri dağlayan ağrılarına uzun müddət əhəmiyyət verilməyib, gizlədilib və ya susdurulub”.
Papa Pransisk məktubunda daha sonra Kardinal Ratzingerin 2005-ci ildə etdiyi çıxışı xatırladaraq, “Kilsədə nə çox pislik var – həm də rahib olaraq özlərini tamamilə Tanrıya həsr etməli olanların arasında belə. Nə qədər yaramazlıq var”, – deyib.
Pantifik müraciətinin davamında “İncil”dən “Tək bir üzv iztirab çəkərsə, bütün üzvlər birlikdə iztirab çəkərlər” kimi sitat gətirərək, kilsələrdə uşaqlara yönəlik cinsi təcavüz hallarına qarşı birlikdə mübarizə aparmağa çağırıb.
O, kilsənin “din xadimləri və uşaqları qoruyub mühafizə etməyə məsul olan şəxslərin törətdikləri vəhşilikləri əzab və utancla etiraf edərək, qınamalı olduğunu” bildirib: “Özümüzün və başqalarınnın günahları üçün əfv diləyək”.
Papa Fransiskin bu məktubu Katolik aləminin bəzi dairələrində zəruri və effektli gediş kimi qiymətləndirilsə də, rahiblərin təcavüzünə məruz qalmış şəxslərin yaxınları bunu faydasız addım sayıblar.
www.yenicag.az